Məktəbdə multikulturalizm təlimi

Məktəbdə multikulturalizm təlimi “Multikulturalizm ili” çərçivəsində Bakının ümumi təhsil müəssisələrində "Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlimləri davam edir.
Növbəti təlim Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv təhsil siniflərində keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir.
Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub.
Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər.
İnteraktiv formada keçirilən təlimdə “Biz hamımız insanıq və hamımız eyniyik”, “Mənim multikultural Azərbaycanım” mövzularında təlimçilər və öz qruplarını təqdim edən gənc liderlər təqdimatlar etdilər. Bildirilib ki, layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm müsabiqələri keçiriləcək.

Məktəbdə multikulturalizm təlimi

Məktəbdə multikulturalizm təlimi

Məktəbdə multikulturalizm təlimi


tehsil-press.az

Oxşar xəbərlər