BDU və Quba Soyqırımı Memorial Kompleksinin Müstəqillik Gününə həsr olunmuş birgə konfransı

BDU və Quba Soyqırımı Memorial Kompleksinin Müstəqillik Gününə həsr olunmuş birgə konfransı Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra soyqırımı qurbanlarının və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cümhuriyyət fədailərinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Kompleksin direktoru Rəxşəndə Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov vurğulayıb ki, XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentin yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti kimi, onun parlamenti də özünəməxsus tarixi yol keçib. Xalq Cümhuriyyəti parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub. İbrahim Zeynalov konfransın əsas məqsədinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, eləcə də XX əsr soyqırımı həqiqətlərini bir daha yada salmaq, bu istiqamətdə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirmək olduğunu deyib.

Daha sonra Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, tədris işləri üzrə dekan müavini Aytən Abbasova, Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, kafedranın dosenti Arifə Adıgözəlova, tarix üzrə fəlsəfə doktoru Asəf Hacıyev, Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Nurəli Məmmədov, I kurs magistrantı Hilalə Əliyeva, Kompleksin əməkdaşları Namiq Bağırlı, Abutalib Turabov, Səriyyə Abidova, Ülkər Zeynalova, İslam Aslanov elmi məqalələri ilə çıxış ediblər.

Konfransın bölmə iclasları BDU-nun Tarix fakültəsində davam etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər