“Mart soyqırımı: həyata keçirilmə üsulları, səbəbləri və nəticələri” - tədbir

“Mart soyqırımı: həyata keçirilmə üsulları, səbəbləri və nəticələri” - tədbir Bakı Dövlət Universitetinin (BDU) Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə təşkil olunan tədbirdə Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının (Humanitar fakültələr üzrə) dosenti Boran Əziz “Mart soyqırımı: həyata keçirilmə üsulları, səbəbləri və nəticələri” mövzusunda məruzə edib.
Bildirilib ki, Mart soyqırımına aid arxiv materiallarının müqayisəli təhlili bu soyqırımının ciddi şəkildə düşünülmüş, əvvəlcədən planlaşdırılmış bəşəri bir cinayət olduğunu göstərir. Təhlillər göstərir ki, soyqırımın təşkilatçısı daşnak-bolşeviklər, eləcə də Rusiya Xalq Komissarları Soveti olub. Onların əsas məqsədi müstəqilliyimizə mane olmaq, Vətənimizi əvvəlki illərdəki kimi Rusiyanın daxili quberniyasına, Bakını isə adi rus şəhərlərindən birinə çevirmək idi. Ümumiyyətlə, bu siyasət Rusiyanın Şərq, türk-müsəlman dünyasına qarşı yeritdiyi siyasətin tərkib hissəsi olub. Ermənilərin məqsədi xalqımızı qırıb məhv etdikdən sonra torpaqlarımıza sahib olmaq, bu ərazilərdə özlərinə dövlət yaratmaqdan ibarət idi.
Soyqırımı aktına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov çıxışlarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların dünyada tanıdılması istiqamətində aparılan dövlət siyasətindən danışıblar. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsinə dair 1998-ci il 26 mart tarixli Fərmanını, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra azərbaycanlıların soyqırımına həsr olunan videoçarx nümayiş edilib.

Tehsil-press.az


Oxşar xəbərlər