BDU-DA 28 MAY – MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR

BDU-DA 28 MAY – MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR Bakı Dövlət Universitetində (BDU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, 106 il bundan əvvəl, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla müstəqilliyimizi dünyaya bəyan etdi. Fəaliyyət göstərdiyi cəmi iyirmi üç ay ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, müsəlman Şərqində, türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir.

Rektor qeyd edib ki, 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi: “Ümummilli Liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanıb və bu tarixi hadisə münasibətilə 2019-cu il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır”.

Daha sonra Milli Məclisin üzvləri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov və Aydın Hüseynov çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrini uğurla davam etdirdiyi və yeni çalarlarla daha da zənginləşdirdiyi qeyd edilib.

Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər