BDU-da “1918-ci il mart soyqırımının tarixşünaslığı” mövzusunda elmi seminar

BDU-da “1918-ci il mart soyqırımının tarixşünaslığı” mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 27 mart – Azərbaycan Respublikasında Elm Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində “1918-ci il mart soyqırımının tarixşünaslığı” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Tarix fakültəsinin dekanı İbrahim Zeynalov 1918-ci ilin mart soyqırımı haqqında məlumat verib. Həmçinin qeyd edib ki, belə elmi tədbirlərin əsas məqsədi Azərbaycan tarixini daha dərindən araşdırmaq, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətini stimullaşdırmaq, fakültənin tanınmış alimlərinin son elmi tədqiqatlarının tədrisi təcrübəsini yaymaqdır.
Milli Məclisin deputatı, Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri tarix elmləri doktoru, professor Anar İsgəndərov mövzu üzrə məruzə ilə çıxış edib.
Mart soyqırımına dair arxiv sənədləri və mənbələrə istinad edən Anar İsgəndərov bildirib ki, 1918-ci ildə Bakıda, Şamaxı, Quba qəzalarında, Qərbi Azərbaycan və Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı erməni hərbi birləşmələri tərəfindən soyqırımı həyata keçirilib. Minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Təəssüf ki, Azərbaycanın milli-demokratik ziyalıları bu qırğını iki xalq arasında məişət münaqişəsi kimi dəyərləndiriblər. Halbuki bu, ermənilərin “böyük Ermənistan” planını həyata keçirmək üçün türk-müsəlman əhalisinə qarşı məqsədli soyqırımı idi.
Professor Anar İsgəndərov məruzəsində erməni cəmiyyətində əsrlərdən bəri kök salmış türk düşmənliyi məsələsinin tarixi köklərinə də diqqət çəkib. Fövqəladə Təhqiqat Komissiyasının nadir sənədlərinə istinad edərək, müqayisəli təhlil əsasında 1905-1906-cı illər, 1918-ci ilin mart, 1992-ci ilin Xocalı soyqırımlarının səbəb və nəticələri haqqında ətraflı məlumat verib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Zəfərin əhəmiyyətindən bəhs edib, bu Qələbənin xalqımızın son iki əsrlik tarixində ən böyük Qələbəsi olduğunu vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər