Deputat Azərbaycanın siyasətini anlayırmı? - VİDEO

Deputat Azərbaycanın siyasətini anlayırmı? - VİDEO Parlamentdəki deputatın siyasi, xüsusilə də çox əhəmiyyətli, önəmli məsələlərlə bağlı açıqlamaları, müsahibələri və ya şərhləri diqqətli, məntiqli və səlis olmalıdır.

Deputat bəhs etdiyi məsələ barədə müfəssəl bilgilərə malik deyilsə, sualları cavablamağa hazırlaşmalı, gərəkli məlumatları və statistikanı öyrənməlidir.

Əks təqdirdə tam diletant təsiri bağışlayacaq.

Əfsuslar olsun ki, bəhs etdiyimiz xoşagəlməz hallarla üzləşmək məcburiyyətində qalırıq.

.. Azərbaycaqla Ermənistan arasında heç bir dövlətlərarası və ya diplomatik münasibətlər yoxdur. Bakı ilə İrəvan arasında sülh müqaviləsi də imzalanmayıb.

Sadəcə, Ermənistanla şərti dövlət sərhədimizin delimitasiyası və demarkasiyası prosesinə başlanıb, yekün sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr davam edir.

Milli Məclisin deputatı Arzu Nağıyev, ümid edirik, bu nüanslar barədə xəbərdardır.

Amma ARB24 telekanalının studiyasında olarkən o, aparıcı xanımın "Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görühü "dostluq görüşü" adlandırdı. Bunu necə şərh edərdiniz?" sualını cavablayarkən A.Nağıyev "maraqlı" açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, parlamentlərin spikerləri ilə yanaşı, deputatları arasında da görüşlər ola bilər və bu barədə erməni tərəfinin "təklifləri olub".

Daha sonra isə o, Milli Məclisdə müxtəlif ölkələrlə dostluq qruplarının mövcudluğundan danışaraq deyib: "Ola bilsin ki, o, dostluq deyəndə... Hələ bu yaralar çox sağalmayıb... Hər parlamentdə işçi qruplar var və onlar eyni zamanda "dostluq qrupları" da adlandırılır. Onların görüşlərində də bu məsələlərin müzakirə olunması vacibdir və mümkündür".

A.Nağıyevin bu açıqlamasındakı paradoksu şərh etmək belə, çətindir. Çünki "Ermənistanla dostluq qrupu" Azərbaycanın mövcud geosiyasətinə, diplomatiyasına və s. tamamən ziddir.

Deputat yəqin bunu da bilməmiş deyil.

O, daha sonra Zəngəzur dəhlizi layihəsindən bəhs edərkən vurğuladı ki, sən demə, "dəhlizin təhlükəsizliyinin Ermənistan və ya Rusiya tərəfindən təmin edilməsi Azərbaycan üçün o qədər də önəmli deyil".

Bu sözlər isə Azərbaycanın rəsmi siyasəti, mövqeyi və doktrinası ilə kəskin ziddiyyət təşkil edir.

Müsahibənin gedişatında səslənən digər fikirlərə isə, ümumiyyətlə, toxunmuruq. Klişelər, söz yığını yeni fikir kimi qəbul edilmir çünki.

Arzu Nağıyevin hər müsahibəsinin sonradan sosial şəbəkələrdə "müzakirə" mövzusu olduğu məlum.

Bunu sözügedən deputatı efirə dəvət edənlər bilirmi?



Tehsil-press.az

Oxşar xəbərlər