Talıbovun səhhəti pisdirsə, deputatlıqdan niyə imtina etmir?

Talıbovun səhhəti pisdirsə, deputatlıqdan niyə imtina etmir? Ötən gün Vasif Talıbov 27 ildən sonra Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verib. O, Ali Məclisə göndərdiyi müraciətində istefasının səhhəti ilə bağlı olduğunu bildirib.
Hətta, onun məhz səhhətində yaranan problemlərə görə, ötən gün Naxçıvan Ali Məclisinin iclasında iştirak etmədiyi də ehtimal olunur.
Maraqlıdır ki, Vasif Talıbov eyni zamanda Azərbaycan Milli Məclisinin deputatıdır. O, ardıcıl olaraq 6 çağırışdır ki, (1995-ci ildən bəri) 1 saylı Şərur-Sədərək seçki dairəsindən parlamentə deputat seçilir. Ötən gün Vasif Talıbovun səhhəti ilə bağlı istefa verməsi, onun həm də Milli Məclisdə deputat səlahiyyətlərini icra etməməsi, həmçinin YAP İdarə Heyətinin üzvlüyündən istefa verməsi məsələsini gündəmə gətirib. Belə ki, hazırda sosial şəbəkə istifadəçiləri bunu aktiv şəkildə müzakirə edirlər.
Onu da qeyd edək ki, Vasif Talıbov uzun müddətdir ki, Milli Məclisin plenar iclaslarında iştirak etmir.
Hələlik Vasif Talıbovun səhhəti ilə bağlı Milli Məclisə müraciət edib-etmədiyi açıqlanmır. Məsələ ilə bağlı MM və MSK-ya ünvanladığımız sorğulara cavab ala bilməmişik.
Bəs Milli Məclisin deputatı səhhəti ilə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə prosedur necə tənzimlənir?
Ümumiyyətlə, bu, “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunla tənzimlənir.
Belə ki, qanunun 23-1 maddəsində qeyd olunur ki, Milli Məclisin Sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Tehsil-press.az


Oxşar xəbərlər