Türkiyənin hədəfi fərqli istiqamət aldı - Hakan Fidan açıqladı

Türkiyənin hədəfi fərqli istiqamət aldı - Hakan Fidan açıqladı Bölgədə önəmli rola malik Türkiyənin BRİKS-ə üzvlüyü təşkilatın gücünü artıracaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsi BRİKS-ə üzv olmaq istəyir. Türkiyəli nazir təşkilatın xarici işlər nazirlərinin bu ay Nijni Novqorodda keçirilməsi planlaşdırılan görüşündə iştirak etmək niyyətində olduğunu da söyləyib. Fikrimcə, BRİKS üzvləri Türkiyənin təşkilata qoşulmasına etiraz etməyəcəklər. Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİKS-ə üzvlüyü təşkilatın gücünü artıracaq.

Vaşinqton və Brüssel Ankaranın qərarından narazı qalacaq, ancaq özlərindən küssünlər. Türkiyə Avropa Birliyinə üzvlüyə qəbul olunsaydı, Ankaranın başqa təşkilatlara üzv olmasına ehtiyac qalmazdı. Türkiyə xarici siyasətini şaxələndirməyə çalışır”, - ekspert vurğulayıb.

Elxan Şahinoğlu hesab edir ki, BRİKS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir:

“Aydındır ki, BRİKS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyir. Ancaq digər üzvlər Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyil, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eynilə Türkiyə də BRİKS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər