Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin rektorları və nümayəndələri ilə görüş keçirilib

Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin rektorları və nümayəndələri ilə görüş keçirilib 11 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzində keçirilən görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, müxtəlif ali təhsil müəssisələrinin rektor və nümayəndələri, eləcə də DİM-in müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

İclasda mühasibat uçotu və audit sahəsi üzrə yüksək maliyyə savadlılığına sahib kadrların yetişdirilməsinə dəstək vermək məqsədilə görülən işlər və Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşəkar mühasib sertifikatı imtahanları müzakirə olunub.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ölkəmizdə aparılan iqtisadi inkişafa yönəlmiş islahatlara töhfə vermək, müasir iqtisadi biliklərə malik kadrların, gənc mühasib və digər peşə sahələri üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib.

Görüşdə universitetlərin tədris proqramlarının PMS imtahanı kvalifikasiyalarına uyğunlaşdırılması, tələbələrin bu imtahanlara universitet dövründə hazırlığının təmin edilməsi, PMS imtahanı proqramına uyğun sınaq imtahanlarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

İclasda müvafiq tədris proqramlarının uyğunlaşdırılmasının sürətləndirilməsi, ali təhsil müəssisələrinin pedaqoji heyətinin bu imtahanlarda ekspert kimi iştirak etməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün müxtəlif işçi qruplarının yaradılması qərarı verilib.

İştirakçılar həmçinin yeni istifadəyə verilən DİM-in elektron imtahanlar korpusunun yaratdığı imkanları müzakirə ediblər. Təhsil müəssisələrinin də elektron imtahanların keçirilməsi üçün müvafiq texniki imkanlarından istifadə olunması və yaxın gələcəkdə elektron formada daha kütləvi imtahanların keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər