Dövlət İmtahan Mərkəzinə yeni TƏYİNAT

Dövlət İmtahan Mərkəzinə yeni TƏYİNAT Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının ilk iclası keçirilib. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak edib.

Tehsil-press.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar olaraq bir sıra məsələlər müzakirə olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın struktur vahidlərinin birləşdirilməsi, optimal idarəetmə strukturunun formalaşdırılması, qurumlar arasında texnoloji proseslərin və məlumat bazalarının əlaqələndirilməsi və s. işlərin hayata keçirilməsi üçün icraçı direktor vəzifəsinin təsis olunması və bu vəzifəyə Vəfadar Misirovun təyin olunması məqsədəmüvafiq hesab olunub.
Bundan əlavə, iclasda 2016-cı il aprel ayında ümumtəhsil məktəblərinin 7, 8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları müzakirə olunub. Həmçinin Direktorlar Şurasının üzvlərinə mayın 1-də keçiriləcək rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili və Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün keçiriləcək test imtahanları barədə məlumat verilib və şura üzvlərinə müvafiq imtahanlarla bağlı texnoloji proseslərin istənilən mərhələsində iştirak etmək təklif olunub.
Son günlər "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb. Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bununla bağlı ictimaiyyət məlumatlandırılıb, saxta səhifələrin adminlərinə xəbərdarlıq olunub.
Direktorlar Şurasının iclasında yaxın günlərdə qurumun yeni rəsmi saytının, eləcə də Facebook səhifəsinin istifadəyə verilməsi və hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin saytda və səhifədə yerləşdirilməsi qərara alınıb.

tehsil-press.az

Oxşar xəbərlər