Bu gün abituriyentlər təkrar imtahan veriblər - Yeniləndi

Bu gün abituriyentlər təkrar imtahan veriblər - Yeniləndi Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü il mayın 12-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul" qiymət alan abituriyentlər üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib.

Publika.az-a DİM-dən verilən məlumata görə, imtahanda 1392 nəfərin iştirakı gözlənilirdi.

İmtahanda 7 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edib. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 129 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 1 həftə sonra elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

***

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 12-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirir.

DİM-dən Publika.az-a verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn şəxslər imtahan binasına buraxılmayacaqlar.

İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

-dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

-dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

-oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 129 nəzarətçi ayrılıb, 19 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.

Bu imtahanda 7 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər