BDU-da hibrid nanonaqillərin formalaşmasına dair elmi seminar

BDU-da hibrid nanonaqillərin formalaşmasına dair elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) mərkəzləşdirilmiş elmi seminarı keçirilib.

Tədbirdə TİİMM-in inzibati heyəti, sektor və elmi-tədqiqat laboratoriyalarının rəhbərləri, əməkdaşları, əlaqəli mövzularda tədqiqat aparan alim və mütəxəssislər iştirak ediblər.
Mərkəzin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Lalə Qəhrəmanlı “Ag-Ag2S-CdS hibrid nanonaqillərinin formalaşması və onların üzvi çirkləndiricilərin parçalanmasında istifadə perspektivləri” mövzusunda məruzə təqdim edib.

Lalə Qəhrəmanlı hibrid 1 ölçülü (1D) quruluşa malik Ag-Ag2S-CdS əsaslı nanokatalizatorların sintezi, quruluşu, morfologiyası və fiziki xassələri haqqında geniş məlumat verib, bu tip quruluşların sənayedə tətbiq perspektivlərini vurğulayıb. Həmin nanokatalizatorların müxtəlif mühitlərdə (pH dərəcəsindən asılı olaraq) və zaman intervallarında (1-5 saat) Metilen mavisi boyaq maddəsinin misalında parçalanma effektivliyi və onların kinetikası barədə seminar iştirakçılarını məlumatlandırıb. Tədqiqatın nəticələrinin Q1 kateqoriyalı jurnalda çap olunduğu qeyd olunub.

Seminarda bu materialların neftin fraksiyalarının təmizlənməsi istiqamətində tətbiqinə dair də müzakirələr aparılıb.

Sonda məruzəçi dinləyicilərin suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər