Şəhid ola bilməyən əsgər - On iki nəfər qayıtmadı…

Şəhid ola bilməyən əsgər - On iki nəfər qayıtmadı… Antiterror tədbirlərində şəhid olan Daxili Qoşunlar hərbçilərinin əziz xatirəsinə...

Ərazi bütövlüyümüzün təminatının nöqtəsi olan lokal antiterror tədbirlərinin həyata keçirilməsindən bir il ötür. Həmin günün sızıltısı isə bir saat öncəki kimi təptəzədir…

Taleyimə döyüşmək yazılmadığına əmin idim. Hətta həqiqi hərbi xidməti Daxili Qoşunlar sıralarında yerinə yetirəcəyimi eşidəndə hər şey məlum idi. Görünür, bizim hesablamalarımızdan da dəqiq məsələlər var.

18 sentyabr, 2023-cü il…

Həyəcan siqnalı, silahlanma, maşınlara minirik və ÇIXIŞ.

Çıxış sözünü tez-tez eşidirdik. Müddətdən artıq xidmət edənlərə (MAXE) sual verirdik: Çıxış nə vaxt olar?

Sonradan başa düşdük ki, əsas məsələ gəlişdə imiş, çıxışda yox…

***

19 sentyabr, 2023-cü il…

Laçın…

Hamı qarşıda idi, geridə qalmışdım. Üç-beş pilləkəni güclə çıxan adam üçün dağa dırmaşmaq elə də asan olmamalıydı. Bir yandan da qarayanız ölümün hənirtisi atlı olub dalımca yüyürürdü. Arxamda tək bir nəfərin addım səsini eşidirdim: bölüyümün baş atıcısı – baş əsgər Rzayev... O bilirdi ki, mən astagələm, ləng yeriyənəm, heç bu dağı dırmaşmağa gücüm-taqətim də yoxdur, bilə-bilə arxada gəlirdi.

Büdrəyən kimi tez qolumdan tuturdu:

- Rzalı, addımını bu tərəfə at... Həə, ay sağ ol, bax belə, bu cığırla get...

Gicitkandan yapışma, əllərin göynəyəcək, bir az diri ol!

Diri oldum və böyüdüm.

Mən qəhrəman deyiləm, heç belə bir fikrim də olmayıb. Fəqət məqam yetişəndə, deyirsən, vəziyyət belədir, başqa yol yoxdur və mən qazanmalıyam. Sonra bir nəfər – yüz nəfər qazanır, namın onların sırasında dayanır və bir ölkənin olmasa da, özünün, taleyinin qəhrəmanına çevrilirsən...

Qayıdandan sonra soruşurdular, mən ölüm, heç olmasa bir erməni öldürə bildin?

Həmin “heç olmasa” adamın yaxasından ikiəlli yapışırdı, istəyirdin bağırasan ki, “öldürə bilmədim, mən sən deyən olmadım, bircə özümü diri saxlaya bildim”. Heç özüm də yox, görünür, taleyim, qismətim məni diri saxladı.

Şəhid ola bilməyən əsgərə verilən ən dəhşətli sualdır. Bunu həyatın ironiyası da adlandırmaq olar. Şəhid olmaq ən uca məqamdır, bəs yaşamaq? Bir erməni belə öldürə bilmədim, heç qaynar döyüşün içinə də düşmədim. Ölümü isə şah damarımdan da yaxında hiss elədim.

***

Əsgərlikdə ağıl dişim ağrımağa başladı. Gün keçdikcə ağrı şiddətlənirdi. Heç tibb məntəqəsindəki, gözümü yeganə zillədiyim, mədəd umduğum xanım baş gizir də mənə çarə edə bilmirdi. Ağrıdan başımı divara vururdum. Gəldim dəstə komandirinin yanına. Qapını döyüb içəri girdim:

- Cənab polkovnik-leytenant! Əsgər Rzalı! İcazə verin, müraciət edim!

- Buyur...

- Mən ölürəm, hospitalda inanmıram ki, ağıl dişimi çəkə bilsinlər. Tərslikdən də bu gün şənbədir. Bəlkə, göndərəsiniz mülkidə çəkdirim, sonra qaytarsınlar geri.

- Səni başa düşürəm... Qəti elə şey mümkün deyil. Birinci günü gözlə, səni hospitala göndərəcəyəm.

Çox müsibətlərdən sonra bazar ertəsi hospitala getdim və qəssabaoxşar bir adam ağlada-ağlada ağıl dişimi çəkdi.

Briqadaya qayıdandan sonra dəstə komandirim polkovnik-leytenant Hüseynov Rəşad məni yanına çağırdı:

- Çəkdilər ağıl dişini?

Razılıq əlaməti kimi başımı yellədim.

Əlini çiynimə qoyub gülə-gülə:

- Sən bilən, ağlın azalmayıb?

- Buna cavab vermək üçün hələ çox tezdir, cənab polkovnik-leytenant...

O gündən məni hər görəndə soruşurdu: dişin ağrımır?

Həkim dişimi çox pis çəkmişdi, günlər keçsə də, yeri ağrıyırdı. Mülki həkimə göndərmədi deyə, dəstə komandirimə acıqlıydım və hər dəfə soruşanda qəsdən bir az da fikirli-fikirli deyirdim: hələ də ağrıyır, cənab polkovnik-leytenant!

Antiterror tədbirləri vaxtı, Laçında – qaynar nöqtələrin bir addımlığında ağaca söykənib bardaş qurmuşdum. Uğultulu bir səs eşitdim:

- Polkovnik-leytenant Hüseynov Rəşad şəhid olub...

Həmin dəqiqədən etibarən dişimin yerini unutmuşam və indi də bilmirəm ki, nə vaxtsa ağzımın həmin nöqtəsində bir diş olub, ya yox... Canımdan bir sızıltı keçdi. Qarşıda məkrli düşmən var idi, atəşkəsin elan olunması ilə bağlı xəbərlərin doğru olub-olmaması məlum deyildi və mənim dəstə komandirim şəhid olmuşdu. Ölümün təlatümü canıma həmin an cift oldu və mən, baş əsgər Rzayevin sözü olmasın, bir az da diri oldum, böyüdüm, ağıl dişimin varlığını unutdum.

Düşmən ağ bayraq qaldırdı. Bütün gecikmiş ağ bayraqlara lənət olsun! Biz ona görə mərd qafqazlıyıq ki, o ağ bayrağın qarşısında qara rəngi ürəyimizə basıb üç sayrışan rəng dalğalandıra bilirik: göy, qırmızı, yaşıl... “Ağ”ı “qara”yla qarşılamadıq. Qara rəng yanımızda gedib ürəyimizdə qayıdan on iki nəfərin qüssəsinə, qəhərinə çevrilib boğazımızda düyünləndi.

Antiterror tədbiri zamanı birlikdə ön cəbhəyə yollandığımız, ürəyi gözündə, sabahı xəyalında, sübhün şəfəqləri zülmətində qalan on iki nəfər şəhid oldu. Döyüşdən tək qayıdan atlar qarğış yeyən kimi, mən də briqadaya qayıdanda pərt olmuşdum, atlar kimi qızarmışdım, qoşa gedib tək gələn indi mən idim – yoldaşlarım idi. Elə bilirdim, kimsə gəlib yaxamızdan yapışacaq ki, niyə onlarsız gəlmisiniz?!

On iki nəfərin hamısı DİN-in Daxili Qoşunlarının Gəncədə yerləşən N saylı hərbi hissəsində eyni dəstədə xidmət edirdi – II xüsusi vasitələrin tətbiqi dəstəsində. Hər səhər eyni sırada dayanırdıq, eyni təlimlərə cəlb olunurduq, toplanış veriləndə onlarla birgə komandanı icra edirdik... Bircə fərqimiz var idi – biz müddətli idik, onlar müddətdən artıq, ömürlərini bu işə həsr eləmişdilər, həyat tərzləri peşə təyinatları üzərində qurulmuşdu. Yorulurdular? Əlbəttə... Amma sevirdilər və peşələrinin məsuliyyətini bütün vücudları ilə dərk edirdilər.

Dəstə komandirimiz polkovnik-leytenant Hüseynov Rəşad, özümüzə ağsaqqal bildiyimiz, zəhmi, iri cüssəsi ilə dağ əzəmətli, kişiliyi ilə örnək olan gizir Rəcəbov Vaqif, zarafatları, qayğıkeşliyi, yardımsevərliyi ilə əsgərlərin dostuna çevrilən çavuş Əliyev Zahir, həlim, xətirədəyməz xasiyyəti, ağıryanalığı ilə hörmət qazanan gizir Əhmədov Elvin, xatirəmizdə gülər çöhrəsi ilə yaşayan baş çavuş Hüseynov Ramin, tay-tuş kimi deyib-güldüyümüz, darıxanda rahatlıqla ürəyimizi aça bildiyimiz əsgər Sadıqov Samir, Nəbiyev Fərid, Vəlizadə Rəşad, heç kimlə işi olmayan, əlindən pislik gəlməyən kiçik çavuş Mehdiyev Süleyman, əsgər Məmmədov Azər, Babayev Sahil, Səmədov Camal... Hamısı ilə irili-xırdalı cürbəcür xatirələrimiz var.

Briqadanın ən vüqarlı və işini bilən hərbçilərindən biri gizir Azayev Mehdi döyüşdən sağ qayıdanlar içində idi, mən onlardan müəyyən bir məsafə geridə olan qrupun daxilində idim. Maşından düşən kimi yaxınlaşıb təkidlə soruşdum:

- Bəs niyə gizir Rəcəbovsuz gəlmisiniz? O boyda boy-buxun, o boyda cüssəni tabuta necə sığdıracaqlar?

İlk dəfə onu belə çarəsiz və cavabsız görürdüm... Onda başa düşdüm ki, ölüm nə qədər acıdırsa, o müsibətdən sağ çıxıb yaşamaq da bir o qədər çətindir...

Yazıda hamısını yazmağıma baxmayın, həmin on iki şəhidin adını şifahi sayanda həmişə birini unuduram. Sonra unutduğumu yada salıb təzədən saymağa başlayıram, yenə kiminsə adı yadımdan çıxır. Bu minvalla on iki nəfərin adını tam sayıb başa çıxa bilmirəm. Onların hansısa biri sağdır!
Hər dəfə mənim nitqimdə o on iki nəfərin biri diri qalır, qeybə çəkilir!

İmam xislətli, İlahidən nur alan igidlərin hər birini rəhmətlə anıram. Onlar da tapındıqları müqəddəslər kimi haqqın yolunda rəhmətə qovuşdular, hamısı da diridi, onlar məndən və bütün sağ qalanlardan daha diri oldular, baş əsgər Rzayevin mənə məzəmməti kimi: “Rzalı, diri ol!” Mən onlar kimi diri ola, diri qala bilmədim, cənab baş əsgər...

***

18-i gecə Laçına çatanda Komandonun hərbi hissəsində gecələdik. Səhər gizir Rəcəbov Vaqif aldığı təzə botinkaları mənə tapşırdı:

— Bax, bu şkafa qoyuram, burdan çıxası olsaz, özünlə götür.

Rəcəbov Vaqifgil əməliyyata yollanandan bir az sonra həyəcan siqanalı verildi. Tez yığışıb çıxdıq və həmin botinkalar Laçındakı hərbi hissədə qaldı.

Rəcəbov Vaqifin şəhid xəbəri gələndə yadıma ilk o botinkalar düşdü.

İndi də, elə bilirəm, hara getsəm, o geyinilməmiş cüt ayaqqabı dalımca gəlir…

***

Bu şeir də Laçında yazıldı, on iki nəfəri xatırlayanda:

On səkkiz yaşında,

hələ bığ yeri təzə-tər yoldaşım,

bəxti bəxtimə tay soydaşım soruşur:

“Görən səhər açılacaq?”

“Səhərə ümid sənsən” dedim,

“sən özün nəfəssən” dedim,

“torpaq qaçmasın ayağın altdan,

sabah da yüyürəcəksən” dedim.

Səhəri gözlədi sübhə kimi,

istədi qol aça süzə meşədə,

bulud üstə gəzə,

ocaqdakı közə dəyib dayandı,

alça ağacının budağını əyib dayandı.

gedib o dünyanı gəzib dayandı.

Döyüşdən on iki nəfər kəm gəldilər yanımıza,

Arxa cəbhə,

dərd cəbhə,

qara xəbərə bənd cəbhə...

On səkkiz yaşında,

hələ bığ yeri təzə-tər yoldaşım

on iki dəfə dolandı başına alça ağacının,

dəli-dəli qol qaldırdı birdən...

içində ölüm qorxusu,

içində qisas hikkəsi,

gözləyir anası.

dedi, çətin açıla səhər...

düz dedi, açılmadı,

sabah gülümsəmədi on iki evdə,

üstümüzə od ələndi on iki yerdən.

on səkkiz yaşında,

hələ bığ yeri təzə-tər yoldaşım qayıtdı,

mən də qayıtdım,

on iki nəfər qayıtmadı...

Tehsil-press.az

Oxşar xəbərlər