Xalq artisti teatrdan elə şeylər DANIŞDI ki... - MÜSAHİBƏ

Xalq artisti teatrdan elə şeylər DANIŞDI ki... - MÜSAHİBƏ Lent.az-ın müsahibi Azərbaycan Dövlət Sumqayıt Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur.

- Firudin bəy, ömrünüzün 38 ilini Sumqayıt teatrına bağlamısınız. Bir igidin ömrüdür. Heç başqa teatra getmək arzunuz olmayıb?

- Təyinatımı alandan, 1987-ci ildən Sumqayıt Teatrındayam. SSRİ Xalq artisti Mehdi Məmmədovun, Azərpaşa Nemətov kimi ustadların kursunu bitirmişdim, bəxtim gətirmişdi. Lakin diplomu alan kimi anadan olub böyüdüyüm Sumqayıta gəldim. Mənə elə gəlir başqa şəhərdə yaşaya bilmərəm. Dəvətlər olub. Yer dəyişməyi sevmirəm. 4 il Bakıda yaşadım, dözə bilməyib qayıtdım.

- Bir aralar tamaşaçı qıtlığından gileylənmişdiniz. İndi necədir vəziyyət?

- Tamaşaçı qıtlığı yoxdur, son zamanlar insanların teatra marağı artıb. Əslində hər şey direktordan asılıdır. Direktor prodüser kimi işləməlidir, əlaqələri olmalıdır, biletlər satılsın deyə reklam, təqdimat işləri təşkil edilməlidir. Yoxsa, gəldi kresloda oturdu getdi, belə iş olmur. Biletlərimiz baha deyil, 5 manatdır, amma camaat da kasıbdı.

- Sumqayıt Teatrı tamaşaçıları maraqlandırmaq üçün Bakıdan tanınmış aktyorları öz tamaşalarına transfer edir?

- Əvvəllər edirdik. Bakıdan tanınmış aktyoru cəlb etmək də böyük maliyyə tələb edir. Təəssüf ki, o maliyyə ayrılmır. Tutaq ki, bir aktyoru çağırmısansa, onun status və kateqoriyasına uyğun 2-3 min manat qonorar verməlisən.

- Bəs ulduz aktyorlar özləri belə transferlərə maraq göstərirlər?

- Bəli. Məsələn “Azdrama”nın həddən artıq böyük kollektivi var. Orda aktyorlar oynamağa həvəslidirlər, amma hamıya rol çatmaya bilər. Ona görə, qonaq qismində dəvət edəndə məmnuniyyətlə gəlirlər. Özləri mənə dəfələrlə müraciət ediblər. Amma gərək teatrın imkanı olsun.

- Sumqayıt Teatrının ən böyük problemi nədir?

- Maliyyə qıtlığı və kommunal xərclərimiz. Dövlət teatrıyıq, amma kommunal xərcləri özümüz ödəyirik. 2017-2018-ci illərdə Sumqayıt Teatrı yenidən təmir edildi. Binamız yaxşı təmir olunub. Səhnənin istilik problemi var. Necə ki, zal soyuqdur, eləcə də səhnədə istilik yoxdur. Bu çox ciddi məsələdir. Biz problemi gizlədə bilmərik. Aktyorlarımız qış aylarında həmişə xəstələnirlər. Soyuq səhnədə nə qədər məşq etmək, tamaşa oynamaq olar? Elə tamaşalar var ki, aktyorlar səhnədə nazik paltarla çıxış etməlidirlər. Həmin tamaşalardan sonra həftələrlə xəstə yatan aktyorlarımız olur. Foyedə döşəmənin altından istilik sistemi quraşdırılıb. Ona görə də foyemiz isti olur. Amma zal və səhnə çox soyuqdur. Sumqayıtda mədəniyyət idarələri var ki, onların xərcini dövlət ödəyir. Təzə tamaşalara pul ayırmaq lazımdır ki, tamaşa verəsən, qazanasan, öz xərclərini ödəyəsən.

- Tamaşalara pul ayrılmır?

- Yox. Hamısını özümüz edirik.

- Aktyorlar dekorları, paltarlar evdən gətirirlər?

- Əvvəllər belə də olub. Sonra yeni direktorumuz tapşırdı ki, evdən heç nə gətirilməsin, teatrın öz gücünə həll edək. İldə bir dəfə dövlət sifarişli tamaşa olur. O tamaşaya nazirlik pul ayırır. Bu vəsait musiqi tərtibatına, bəstəkara, ssenaristə, dekorlara və s. nəzərə xərclənir. Bilirsinizmi, Sovet dövründən qalan köhnə qanunlar var ki, o qanunlar indi işləmir, narazılıq yaradır.
Aktyor ildə 27 tamaşa oynamalıdır ki, bundan çox oynasa əlavə pul qazansın. Rolda oynayan da, oynamayan da eyni maaşı alır. Bu da istər-istəməz müəyyən narazılıqlara səbəb olur. Stimul olmalıdır. Can yandıran aktyor görür ki, nə qədər yaxşı çalışsa da, rol oynamayanlarla eyni dərəcədə maaş alır.

- Sirr deyilsə nə qədər maaş alır aktyorlarınız?

- Yaramı deşdiniz... Bizim aktyorlar sənət fədailəridir deyərdim .400 manat maaşa işləyirlər. Teatrın statusu məsələsi bizim yaralı yerimizdir.
Mart ayında Sumqayıt Dövlət Dram Teatrı 56 yaşını qeyd etdi. Bu teatr 1968-ci ildə, Gənclər Teatrı kimi fəaliyyətə başlayıb. Sonralar teatra püxtələşmiş aktyorlar gəlib. Sumqayıt Teatrının tarixindən Rza Əfqanlı, Barat Şəkinskaya, Məlik Dadaşov, Əliağa Ağayev, Ağakişi Kazımov və daha kimlər keçib. Sonralar Akademik Milli Dram Teatrında çalışan aktyorlarımızdan, rəhmətlik Ramiz Novruz , Sabir Məmmədov, Kazım Abdullayev, Almaz Amanova, Afaq Bəşirqızı, Valeh Kərimov Sumqayıt Teatrının yetirmələridir.

Bakının iki addımlığında olsaq da, özümüzü əyalət teatrı saymasaq da, ciddi problem yaşayanda əyalət teatrı olduğumuzu hiss edirik. Bizə qarşı olan münasibət ucqar yerlərdə fəaliyyət göstərən teatrlarla eyni səviyyədə olur.
Sumqayıt Teatrının 56 yaşının olmasına baxmayaraq, hələ də ikinci kateqoriya ilə işləyir. Bilirsiniz, həm imic, həm də aktyorların maaşı baxımından, çox istərdik ki, teatrımız birinci kateqoriyada olsun. Biz böyük bir şey istəmirik. Teatrımızın 40 illik yubileyini qeyd edəndə bizə söz verildi ki, bu məsələyə baxılacaq. Sumqayıt Teatrı birinci dərəcəli kateqoriyada olacaq. Amma illər keçib ortada iş yoxdur.

- Bildiyimə görə, indi bəzi rejissorlar müəllifi ölmüş yazarların əsərlərini qoyurlar ki, müəllifin qonorarını verməsinlər. Məsələn, Cabbarlının, Cavidi, Şekspirin və s.

- O müəlliflər sağ olmasalar da, fondları var axı. Fond məhkəməyə verə bilər.

- Bəs xarici müəlliflərin qonorarı necə olur?

- Onların da fondu var. Tamaşa hazırlananda o fonda pul keçirilir. Gedir çatır-çatmır bunu mən bilmərəm.

- Nə üçün özümüzün gənc müəlliflərimizə çox yer verilmir?

- Rəngarənglik də lazımdır. Eyni yerli müəllifi neçə dəfə qoymaq olar. Müasir müəlliflərimiz azdır. Üzə çıxartmaq gərəkdir. Çox teatrlar gənclərə inanmırlar. Mən işləmişəm, lazım olanda kömək də eləmişəm.

- Yaşlı aktyorlarla işləmək necə hissdir? Çətinlik yaradır?

- Çətindir. Konservativ olurlar. Hərəkətliliyi sevmirlər. Öz bildiklərindən əl çəkmək isitmirlər.

- Bir dəfə Xalq artisti Valeh Kərimovu Hamlet rolunda görüb heyrətlənmişdim...

- Təklif özündən gəlmişdi. Düzdür sima və yaş olaraq uyğun gəlmirdi, lakin uğurlu oldu. Biz Hamleti onunla monotamaşa kimi hazırlayıb, Bakıda teatr festivalına qatıldıq və qələbə qazandıq. Tamaşaçıların yaddaşına Moşu kimi yazılmışdı deyə əvvəlcə hamı bir az ironiya ilə qarşıladı. Amma sonra Valeh Kərimovun uğurlu bir dram aktyoru olduğunu da gördülər, alqışladılar.

- Bəzən aktyorlar rolun əsirinə çevrilirlər. Bu mənada Valeh Kərimovun Moşudan zəhləsi gedir?

- Dediyinə görə gedir. Amma Moşunun çörəyini də yeyir.

- Rejissorların həmişə eyni aktyorlarla işləmək məsələsinə necə baxırsınız?

- Bu rejissora asandı. Tanıyırsan, bilirsən ki filan aktyordan nələri tələb edə bilərsən. Amma rahat olsa da, düzgün deyil. Aktyorların hamısı ilə işləmək lazımdır. Bir yandan da rejissoru qınamıram. Yaxşı aktyor azdırsa, nə eləsin? Elə aktyor var ki, bir ampluada olurlar.

- Baş rejissor təyin edildikdən sonra özünüzə qarşı hansısa münasibətin dəyişdiyini hiss etdiniz?

- Olur. Fərdi məsələdir. Bəzən aktyorlar direktorla baş rejissorun arasını vururlar, öz işlərinin xətrinə. Çox olub ondan mənə deyiblər, məndən ona. Elələri həmişə var.
- Bir vaxtlar köhnə direktorla qalmaqallarınız olmuşdu. İndi necədir direktorla aranız?

- İndi yaxşı. İnzibati işlərə o baxır, yaradıcı işlərə mən. Əvvəlki direktor müdaxilə edirdi rejissorun işinə. Baş rejissordan soruşmadan kiməsə fəxri ad, dərəcə verilirdi. Bu işi ən yaxşı bilən adam baş rejissordur.

- Bu il 65 yaşınız tamam olur, ömrünüzün 39 ilini səhnəyə, teatra bağlamısınız. Asan olub bu illər?

- Yox. Səhnəni sevməsəydim belə enerjili qalmazdım. Rejissor işıqçının da yerinə fikirləşir, aktyorun da, texnikin də. Çoxu deyir yaxşı rejissor istedadsız aktyordan da şedevr yarada bilər
Elə düşünmürəm. Sən hər nə qədər yaxşı olsan da, əlindəki material zaydırsa nə edə bilərsən? Dərzinin əlinə parça verməsən necə paltar tikəcək? Rejissor var deyir taxta verin mən ondan aktyor edərəm. Yalan söhbətdir. Bu komanda işidir. Heç olmasa 10 aktyorundan beşində istedad olmalıdır ki, tamaşa baxımlı olsun. Hər aktyorun kaprizi, tamaşaçını qane etmək istəyi. Mən bir növ teatrın azarkeşiyəm. Mənim maaşımla aktyorun maaşı arasında 15 manat fərq var. O rolunu oynayıb gedir. Amma mən o tamaşada ən xırda detalı da düşünməliyəm. Yorulsam da, əlimi çəkə bilmərəm. Dağılıb gedər. Bu mənim doğma ocağımdır. Çox istərdim ki, köhnə sistem dəyişsin, yaradıcı adama dəyər verilsin, motivasiya olsun. Özüm üçün demirəm. Meyar itməsin. Kimsə adam tapıb zəng elətdirib özünü irəli dürtməsin. Aktyorların attestasiyası keçirilsin, istedadsızlar uzaqlaşdırılsın. Ona verilən maaş istedadlıya verilsin də. Ya da həmin adam teatrda başqa ştata keçirilsin. Bunlar olmalıdır.

- Bildiyimə görə, Amerikada da bir Azərbaycan teatrı açıbsınız vaxtı ilə.

- 2011-ci ildə Amerikada Azərbaycan özəl teatrı açmışdıq. Amerikada yəhudilərin, ermənilərin, hətta türklərin belə özəl teatrları fəaliyyət göstərir. Amma Azərbaycan adını daşıyacaq teatr yox idi. O illərdə həmin teatrı biz yaratdıq.
Sumqayıt Teatrında Telman Cəlil adlı baletmeyster var idi. Sonralar Amerikaya köçmüşdü və orada Mədəniyyət Mərkəzində çalışırdı. Onun dəvəti ilə 3 ay Amerikada qalıb, tamaşa hazırlamışdım. M.F.Axundzadənin 200 illiyi ilə bağlı “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasına quruluş verdim. Bu yaxınlarda yeni bir tamaşa üçün ora getməliyəm.

Tehsil-press.az

Oxşar xəbərlər