Nazir müşaviri: Əsas məqsədimiz özəl maşınların istifadəsini 30-40% azaltmaqdır

Nazir müşaviri: Əsas məqsədimiz özəl maşınların istifadəsini 30-40% azaltmaqdır Bakı Beynəlxalq Ticarət Limanının ərazisi genişləndiriləcək. Tikinti işlərinə yaxınlarda başlanılacaq. Hazırda texniki əsaslandırma üzərində işləyirik. Dəniz səviyyəsinin düşməsi, ümumiyyətlə, mümkün ssenarilər fonunda infrastrukturun müvafiq olaraq dizaynını fikirləşir və texniki imkanları dəyərləndiririk.

Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə “İqlimə dayanıqlı infrastruktur və nəqliyyat üzrə yüksək səviyyəli sessiya”da çıxışı zamanı deyib.

Nazirin müşaviri bildirib ki, Azərbaycan Paris sazişinə qoşulandan sonra öhdəliklər götürüb. Buraya karbon və digər istixana qazlarının emissiyalarının azaldılması daxildir: “Biz milli fəaliyyət planı qəbul etmişik və buradakı əsas məqsədlərdən birinə uyğun olaraq insanları daha çox dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə həvəsləndiririk. Əsas məqsədimiz özəl maşınların istifadəsini 30-40 faiz azaltmaqdır. İstəyirik ki, ictimai nəqliyyat daha çox təşviq olunsun, istifadəsində 60-70 faiz artım olsun. Yaxın 1-2 kilometr məsafəyə gediş üçün taksi istifadəsini məhdudlaşdırmağa çalışırıq. Bu formada tikinti və infrastrukturun saxlanılması xərclərini optimallaşdırmaq istəyirik. Bundan başqa, smart texnologiyaların inteqrasiyasına çalışırıq ki, ictimai nəqliyyat sistemi daha səmərəli işləsin. Həmçinin Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq “Green city” rəqəmsal layihəsinə başlamışıq. Çalışırıq ki, 60 milyard datanı inteqrasiya edək. Bu bizə səmərəlilik indeksini hesablamağa kömək edir və daha nəzərəçarpan təsirlər yarada bilər. Biz ictimai nəqliyyat sistemində yeni bir təşəbbüsün həyata keçirilməsinə başlamışıq. 160-a yaxın elektrik avtobusu almışıq. Onlar da yaxın dövrdə ölkəyə gətiriləcək. Görəcəyimiz işlər bununla yekunlaşmır, proses davam edəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər