Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının iclası keçirilib

Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının iclası keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası İctimai Birliyinin ilk iclası keçirilib.
İclasda İctimai Birliyin sədri Kamran Həbibov çıxış edib. O bildirib ki, assosiasiyanın əsas məqsədi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə əksini tapmış logistika sektorunu inkişaf etdirməkdir. Hazırda assosiasiyanın qarşısında duran ən mühüm vəzifə dövlət qurumları ilə sıx əməkdaşlıq etmək, logistika bazarı haqqında son və aktual məlumatları onlara çatdırmaq, ölkəmizin müxtəlif təhsil və təlim müəssisələri ilə birlikdə xarici mütəxəssisləri cəlb etməklə praktiki məşğələlər və seminarlar təşkil edərək yerli kadrların peşəkarlığını artırmaq, Azərbaycan üzərindən tranziti təbliğ etməkdir.
Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev İctimai Birliyin həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, universitetlə İctimai Birliyin əməkdaşlığı nəticəsində nəqliyyat sahəsi üzrə təhsil alan tələbələr elmi biliklərlə yanaşı, assosiasiya üzvlərinin bölüşəcəkləri praktiki biliklərə də yiyələnəcəklər. Bu da onların yüksəkixtisaslı kadr kimi hazırlanmasında müsbət rol oynayacaq.
İclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və digər şəxslər iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər