"Azərbaycanın səbri tükənə bilər"

“Ermənilər gah nala vurur gah da mıxa”.

Bunu ANS TV-nin “Hesabat” verilişində qonaq olan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Administrasiya nümayəndəsi son günlər cəbhə bölgəsində yaşanan gərginlik fonunda Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlardan imtina etməsini və Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi arenada baş verənlər haqqında fikirlərini bölüşüb.
“Ermənistan hakimiyyəti nə edəcəkləri barədə bir qərara gələ bilmir. Hazırkı vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur, gah da mıxa. Biri bir söz deyir, digəri onun əksinə olan başqa bir söz deyir. Bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir”, - deyə Novruz Məmmədov bildirib.
Cəbhə bölgəsində baş verən döyüşlərdən sonra dünyanın diqqətinin bir daha Azərbaycanın probleminə yönəldiyini qeyd edən Novruz Məmmədov münaqişənin ədalətli həllini dəsətəkləyənlərin sayının daha da artdığını, Rusiya, ABŞ və Fransanın da Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini bildirib.
“Azərbaycanın səbri tükənir. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar”, - deyə Novruz Məmmədov vurğulayıb.
N.Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin nüfuzuna təsir etməyib: "Azərbaycana investisiya qoymaq, əməkdaşlıq etmək istəyənlərin sayı artıb, beynəlxalq banklar, fondlar da ölkəmizlə əməkdaşlıq edir, dünya Azərbaycanı risk, təhlükə zonası kimi görmür."

tehsil-press.az

Oxşar xəbərlər