Bakını gözləyən təhlükə

Bakını gözləyən təhlükə Bakı şəhəri və onun ətraf ərazilərindəki mövcud və potensial sürüşmə zonaları Bakının yeni Baş Planı ("Böyük Bakının Regional İnkişaf Planı") əsasında şəhərsalma zamanı problemlər yaradacaq.

Bunu Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, Bakı şəhərinin mövcud ərazisi və perspektivdə inkişaf edəcəyi (gələcəkdə daha çox Səbail və Qaradağ rayonlarına tərəf inkişaf edəcək) təqribən 2,2 min kvadrat metrlik ərazinin sürüşməyə təhlükəliliyi tədqiq edilib.
E.Əlizadə deyib ki, Bakıda mövcud sürüşmə sahələri Bakı amfiteatrı zonasını - Badamdar yamacından başlamış bütün Bayıl yamacını, Teleatra qədər olan çox böyük ərazini əhatə edir: "Həmin ərazilərin tədqiqi zamanı müəyyən edilib ki, bu ərazilərdə müəyyən tədbirlərin görülməsinə baxmayaraq, sürüşmə sahələri heç də konservasiya olunmayıb, orada təhlükə qalmaqdadır. Müəyyən amillərin təsiri ilə həmin ərazilərdə, xüsusilə Badamdar yamacında və Bayıl yamacının qərb hissəsində sürüşmə üçün daha fəal zonalar var. Zığ massivi, Ukrayna meydanı, Yeni Günəşlidəki "Kərpic" zavodunun ərazisindəki və Masazırdakı sürüşmə əraziləri indi də fəaldir. Təqdiqat zamanı həmin ərazilərin genişlənərək indiki ərazilərindən xeyli böyük əraziləri əhatə edəcəyini müəyyən etdik".
Ələtdə, Güzdəkdə çox böyük şəhərsalma layihələrinin icrasının, Lökbatanın genişləndirilməsinin nəzərdə tutulduğunu deyən E.Əlizadə qeyd edib ki, bunu nəzərə alaraq, təqribən Hacıqabula qədər gedib çatan, Bakı Ərazi Vahidinə aid olan ərazilərdə də araşdırma aparılıb: "Müəyyən edilib ki, Bakı şəhərinin daxilindəki mövcud sürüşmə sahələri potensial sürüşmə sahələrinin 20-25 faizindən çox deyil".
E.Əlizadənin sözlərinə görə, araşdırma zamanı müəyyənləşdirilib ki, hazırda mövcud olan sürüşmə sahələrindən başqa, Qurd qapısında, Qanlı göldə, Lökbatan yamacında, Qaradağ rayonunda, Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazidə, Masazır və ona yaxın ərazilərdə, Sulutəpədə və Ceyranbatan Su Anbarından qərbə doğru olan böyük zonalarda potensial sürüşmə (bəzi yerlərdə sürüşmə-uçqun) təhlükəsi var: "Həmin yerlərin təbii şəraiti sürüşmə üçün çox əlverişli şərait yaradır. Hazırda orada sürüşmə ərazisi yoxdur, amma həmin yerlərdə çox kiçik ərazilərdə xırda uçqunlar, sürüşməyə meyilli ərazilər var. Yeni yaşayış məntəqələrini salmaq məqsədi ilə orada tikinti işlərinin aparılacağını, yolların çəkiləcəyini, yamacların kəsiləcəyini nəzərə alsaq, onda görərik ki, sadalanan ərazilərdə süxurların tarazlıq halı pozulacaq, onlar hərəkətə gəlmək üçün hazır olacaqlar. Həmin işlər görüldükdə Bakıda çox böyük ərazidə sürüşmə sahələri yaranacaq. Bakı şəhəri ərazisindəki indiki sürüşmə sahələri Böyük Bakı ərazisində gözlənilən, potensial sürüşmə sahələrinin heç onda birini təşkil etmir".
E.Əlizadə qeyd edib ki, bu araşdırma həm də həmin ərazilərin mənimsənilməsi ilə məşğul olacaq müəssisələrə təhlükənin gözlənilməsi barədə xəbərdarlıq edir.
Mütəxəssis hesab edir ki, tikinti işləri aparıldıqda - suötürücü, mühəndis-texniki qurğuları tikiləndə, yollar çəkiləndə yamaclarda istinad divarlarına rütubəti keçirməkdən ötrü qurğular qoyulsa, təhlükənin miqyası azaldıla bilər: "Gələcəkdə sürüşmə sahələrinin genişlənmə ehtimalı çox böyükdür. Bu işlərin aparılması ilə gələcəkdə - yaxın 20-30 ildə bizi gözləyən həmin təhlükənin miqyasını azalda bilərik. Bu isə sürüşmənin fəsadlarının aradan qaldırılması üçün xərclənəcək milyonlarla manata qənaət etməyə imkan verəcək".

Tehsil-press.az

Oxşar xəbərlər