Bakı-Sumqayıt qatarının hərəkətinə təhlükə yaradanlar saxlanılıb

Bakı-Sumqayıt qatarının hərəkətinə təhlükə yaradanlar saxlanılıb Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, amma təəssüflər olsun ki, bəzi vətəndaşlarımız özlərinin normalara sığmayan davranışı ilə sərnişinlərin və elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.
Mayın 3-də saat 18.15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində olarkən iki nəfər tərəfindən daşlanarkən DİN Nəqliyyatda Baş Polis İdarəsinin Bakı-yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri - 22.04.1999-cu il təvəllüdlü Elnur Fazil oğlu Baxşıyev və 01.01.1998-ci il təvəllüdlü Lalə Şair qızı Ağayevadır. Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunublar. Azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər.
Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparıb, xəbərdarlıq edib və sərbəst buraxıblar. Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib. Bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.

Tehsil-press.az

Oxşar xəbərlər