AMEA Azad Həmkarlar İttifaqının ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib

AMEA Azad Həmkarlar İttifaqının ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib Dekabrın 27-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) 2024-cü ilin yekunlarına dair hesabat toplantısı keçirilib.

Tədbirdə AMEA AHİ-nin sədri s.e.ü.f.d., dosent Sənan Həsənov, Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin rəisi Nizami Vəliyev, Akademiyanın elmi müəssisə və təşkilatlarının Həmkarlar İttifaqlarının sədrləri və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş nitqi ilə AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov açaraq tədbirin gündəliyi haqqında iştirakçılara məlumat verib. Bildirib ki, tədbirdə AHİ-nin cari ildəki fəaliyyətinə dair hesabatının dinlənilməsi, həmçinin digər təşkilati və cari məsələlərin müzakirəsi nəzərdə tutulur.

O, gələn ildən etibarən Akademiyanın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin AHİ Rəyasət Heyətinin üzvü olması təklifini irəli sürüb. Qeyd edib ki, MM qərargah əməkdaşlarının əksəriyyəti müharibə dönəmindən fəaliyyət göstərmiş şəxslərdir, qazi və şəhid ailələri ilə sıx təmasdadırlar, onların xüsusi nizam-intizam məsələlərində fəaliyyətləri qənaətbəxşdir.

AHİ sədri, həmçinin institutun Həmkarlar təşkilatlarının büro üzvlərinin say tərkibində institutun MM qərargah rəislərinin də nəzərə alınmasını təklif edib.

Daha sonra o, AHİ-nin 2024-cü ildəki fəaliyyətinə dair hesabatını təqdim edib. Bir ilə yaxındır AMEA Azad Həmkarlar İttifaqının sədri kimi fəaliyyət göstərdiyini deyən Sənan Həsənov AHİ-nin uğurlarından, Akademiyanın sosial və ictimai həyatındakı rolundan danışıb. Sədr Azad Həmkarlar İttifaqı tərəfindən iş planına uyğun olaraq elmi fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə dəstək verildiyini, onların əməyini qiymətləndirmək üçün lazımi işlərin görüldüyünü, maddi-sosial problemləri olan şəxslərə ittifaq tərəfindən yardımların göstərildiyini, işçilərin sosial müdafiəsinin və istirahətinin təmin edildiyini, eləcə də müxtəlif xarakterli tədbirlərin həyata keçirildiyini bildirib.

Məruzəçi Ulu Öndər Heydər Əliyevin 101 illiyi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və Qərbi Azərbaycana qayıdışla bağlı AHİ tərəfindən həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb. O, AMEA Azad Həmkarlar İttifaqının əməkdaşlarının fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə fəal iştirak etdiklərini bildirib.

AHİ tərəfindən şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət göstərildiyini söyləyən Sənan Həsənov AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Akademiyada şəhid ailə üzvləri ilə görüşünü xatırladıb. O, hesabat ilində Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsinin, II Fəxri Xiyabanda şəhid baş leytenant Nurzadə Rövşən Əli oğlunun məzarının ziyarət edildiyini deyib. Qeyd edib ki, bundan başqa, fevral döyüşlərinin şəhidi Həşimli Tural Əbdül oğlunun övladı Həşimli Tural Tural oğluna hər ay Azad Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib. Eləcə də AHİ-nin qərarına əsasən Lənkəran REM-in şəhid olmuş əməkdaşı Mahsun Zahir oğlu Bağırzadənin atası Zahir Bağırzadəyə il ərzində 4 dəfə maddi yardım edilib.

Məruzəçi AHİ-nin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirləri də diqqətə çatdırıb.

Onun sözlərinə görə, cari ildə Akademiya əməkdaşlarına Qaranquş, Bilgəh, Abşeron, Şıx, Günəşli, Naftalan sanatoriyalarına güzəştli şərtlərlə 273 yollayış verilib. Həmçinin Akademiyada çalışan şəhid və qazi ailələri yollayışlarla təmin edilib.

“Hər il olduğu kimi, bu il də bir çox ilk təşkilatımızda əməkdaşların istirahətini səmərəli təşkil etmək məqsədi ilə Həmkarlar Təşkilatlarının maliyyə dəstəyi ilə 400-ə yaxın əməkdaş üçün respublikamızın regionlarına (Lənkəran, Nabran, Qusar, Şəki, Qax, Zaqatala, Şuşa, Quba, Qəbələ, Şamaxı, İsmayıllı) bir və iki günlük turistik səfərlər təşkil olunub. Nabranda yerləşən “Xəzər” İstirahət Mərkəzinə AMEA əməkdaşlarının 3 günlük gəzintisi baş tutub”, - deyə AHİ sədri əlavə edib.

Sənan Həsənov 2024-cü ildə AMEA AHİ tərəfindən köməklik məqsədilə Akademiyanın 700-ə yaxın əməkdaşına maddi yardım göstərildiyini diqqətə çatdırıb. Həmçinin cari ildə çoxillik səmərəli fəaliyyəti və yubileyləri münasibətilə AMEA-nın bir qrup aliminin, Həmkarlar Təşkilatı sədrlərinin, Gənc Alim və Mütəxəssislər Şurasının üzvlərinin AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin Fəxri fərmanı və pul mükafatı ilə təltif olunduğunu bildirib.

O, AHİ-nin fəaliyyətindəki mövcud problemlər və onların həlli yollarından, perspektivdə görüləcək işlərdən də danışıb.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Hesabat Məclis üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud və digərləri çıxış edərək əməyin mühafizəsinin təmin olunması, Akademiya əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, rifah halının, soaial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd ediblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər