Mikrobiologiya İnstitutunda hesabat ilində iki mühüm elmi nəticə əldə olunub

Mikrobiologiya İnstitutunda hesabat ilində iki mühüm elmi nəticə əldə olunub AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclasında Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun 2023-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabatı dinlənilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iclasın gündəliyini diqqətə çatdırıb.
Mikrobiologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov institutun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatı təqdim edib, cari ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, 2023-cü ildə institutun 6 laboratoriyasında ümumilikdə 80 əməkdaşın, o cümlədən 1 akademik, 1 AMEA-nın müxbir üzvü, 8 elmlər doktoru, 19 fəlsəfə doktoru və digər əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin yekunu olaraq iki mühüm nəticə əldə olunub. Bu ilin mövzu planına uyğun olaraq 2 problem və 7 mövzu ümumilikdə 7 iş və 19 mərhələ üzrə tədqiq edilib. Hesabat ilində 7 iş və 19 mərhələ üzrə tədqiqatlar tamamlanıb və nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib. Hesabat dövründə yerinə yetirilən mövzular üzrə tədqiqatlar Azərbaycanın müxtəlif, o cümlədən işğaldan azad olunmuş ərazilərindəki su, torpaq və meşə ekosistemlərinin mikro və mikobiotasının müxtəlif aspektlərdə qiymətləndirilməsinə həsr edilib.
Direktor qeyd edib ki, hesabat ilində institut əməkdaşlarının 79 elmi əsəri, o cümlədən 1 monoqrafiya, 27 məqalə (24-ü xaricdə onlardan 17-si beynəlxalq indeksləşən bazalarda və İmpakt faktorlu jurnallarda), 51 tezis (15 xaricdə) dərc edilib. Əməkdaşların elmi əsərlərinə 107 istinad edilib.
Cari ildə Mikrobiologiya İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Mikroorqanzimlər uşaqların gözü ilə” III Respublika müsabiqəsi keçirilib. Əməkdaşlar beynəlxalq və yerli konfranslarda iştirak edərək çoxsaylı sertifikatlar alıblar.
P.Muradov institutun beynəlxalq əlaqələrindən söz açıb, əməkdaşların müxtəlif qrant müsabiqələrdə fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Hesabat ətrafında müzakirələr aparılıb. Mikrobiologiya İnstitutunun hesabat ilindəki elmi və elmi-təşkilati fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Sonda çıxış edən akademik İradə Hüseynova ölkədə mikrobioloq alim mütəxəssislərin əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq, bir sıra məsələlər barədə tapşırıq və tövsiyələrini verib.

Tehsil-press.az


Oxşar xəbərlər