Təhsil İdarəsinə müdir təyinatı: Təşkilat sədri 200 mindən başladı, 20 minə razılaşdı TƏFƏRRÜAT

Təhsil İdarəsinə müdir təyinatı: Təşkilat sədri 200 mindən başladı, 20 minə razılaşdı TƏFƏRRÜAT Şəki sektorunda metodist işləyən xanımı həmin İdarənin müdiri təyin etdirəcəyini vəd edərək ondan külli miqdarda pul almaqda ittiham olunan təşkilat sədri məhkəmə önünə çıxarılıb.

Ozünü “Yeni Baxış” İctimai nəzarət təşkilatının sədri kimi təqdim edən Şahvələd Əsgərov bu yalan vədlə Ülviyyə adlı tanışından 20 min manat pul alıb.

İstintaqla müəyyən edilib ki, Şahvələd Əsgərov zərərçəkmiş şəxsi sədri olduğu təşkilatın Şəki bölməsinin rəhbəri Nərminə Hacızəkəryəyevanın qohumunun yas mərasimində tanıyıb.

Orada Ülviyyə.M Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunmaq istədiyini deyib.

Ş.Əsgərov bunun üçün əvvəlcə 200 min manat, sonra 70 min manat, daha sonra isə 50 min manat lazım olduğunu deyib. Sonda tərəflər 20 min manata razılaşıblar.

Ülviyyə.M evini banka girov qoyaraq 30 min manat pul götürüb. Pulun 20 min manatını Ş.Əsgərova verib.

Ş.Əsgərov məhkəmədəki ifadəsində pulu başqa məqsədlə aldığını deyib. Bildirib ki, yaxını xəstə olduğu üçün onun müalicəsinə pul lazım olub. Buna görə də Ülviyyədən borc istəyib. Ş.Əsgərov söyləyib ki, hətta Ülviyyə xanıma tapşırıb ki, müdir təyin olunması üçün heç kimə pul verməsin. Çünki bu, ancaq imtahanla mümkün ola bilər.

Amma istintaq zamanı Ş.Əsgərovun 20 min manatı Ülviyyəni müdir təyin etdirmək üçün aldığı müəyyən edilib. Ş.Əsgərovun istintaq zamanı etirafedici ifadə verdiyi məlum olub.

Ş.Əsgərov istintaq zamanı pulu həqiqətən də Ülviyyəni Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin etdirəcəyini deyərək aldığını etiraf edib. Amma bu işin öhdəsindən gələ bilmədiyini, Ülviyyəni aldatdığını etiraf edib. O, pulun 10 min manatını şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.

Ülviyyə M. isə ifadəsində bildirib ki, pulu verdikdən bir müddət sonra mətbuatda Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir təyin olunduğunu oxuyub. Ş.Əsgərova zəng edərək niyə onu aldatdığını soruşub.

“Mənə dedi ki, yalandır. Mən də ondan saytları oxumasını istədim. Sonra mənə zəng edib xəbərlərin doğru olduğunu dedi. Bundan sonra Şəki sektoruna müdir təyin etdirəcəyini söylədi. Yenə vaxt keçdi. Bu dəfə də Şəki sektoruna yeni müdir təyin edildiyini oxudum. Yenə aldadıldığımı başa düşdüm. Sonra məni nazirlikdə işə düzəldəcəyini, bundan sonra müdir təyin etdirəcəyini dedi. Mən pulumu geri tələb etdim. Əvvəlcə 10 min manatı geri qaytardı. Pulun qalan hissəsini xərclədiyi üçün geri qaytara bilmədi”- deyən Ülviyyə M. əlavə edib ki, şikayətlərdən sonra Ş.Əsgərov hissə-hissə pullu geri qaytaramağa başlayıb.

Onun sözlərinə görə indiyə qədər dəymiş ziyanın 3450 manatı ödənilməyib.

Ülviyyə M. suallara cavab verərək Ş.Əsgərovun 200 min manatlıq təklifi ilə razılaşıb-razılaşmadığına aydınlıq gətirib. Bildirib ki, bu məbləği ödəməsi mümkünsüz olub. Son olaraq Ş.Əsgərovla 20 min manata razılaşıblar. Onun sözlərinə görə iş alınacağı halda Ş.Əsgərova 5-10 min manat arası şirinlik verəcəkmiş.

Məhkəmənin hökmü ilə Şahvələd Əsgərov barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər