ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib. Qeyd olunub ki, ADU tələbələri bu il ilk dəfə olaraq pedaqoji və istehsalat təcrübəsini xarici ölkələrdə keçmək fürsətini əldə edəcəklər:
“Bu il tələbələrimiz ilk dəfə olaraq Türkiyədə, Belarusda təcrübə keçmək imkanına sahib olacaqlar. Bu tarixi bir hadisədir. Bu münasibətlə tələbələrimizi, müəllimlərimizi təbrik edirəm. İnanıram ki, pedaqoji və istehsalat təcrübəsinə yollanan tələbələrimiz uğurlu nəticələr əldə edəcəklər.
Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübəni Azərbaycanın bütün regionlarında həyata keçirməklə, yeni bir uğura imza atmış oluruq. Pedaqoji və istehsalat təcrübəsi tələbələrimiz üçün çox önəmli bir təhsil fəaliyyətidir. Burada müəllimlərimizin də üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, universitetimiz öz peşəkar müəllimləri və pedaqoji heyəti ilə bu işin öhdəsindən uğurla gələcək”.
ADU-nun Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən Şəfəq Şahməmmədova pedaqoji və istehsalat təcrübəsinə yollanacaq tələbələrlə bağlı məlumat verib. Qeyd olunub ki, bu il pedaqoji təcrübə Azərbaycanın bütün regionlarında təşkil olunacaq. Tələbələrin pedaqoji təcrübəyə böyük marağından və diqqətindən söz açan Şəfəq Şahməmmədova yaradılan şəraitə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov pedaqoji və istehsalat təcrübəsi ilə bağlı məruzə ilə çıxış edib. Bu il 1672 tələbə pedaqoji və istehsalat təcrübəsinə yollanacaq. Hər il olduğu kimi bu il də pedaqoji təcrübəyə yollanan tələbələrə xüsusi diqqət və qayğı göstərilir.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova tələbələrin xaricdə təcrübə keçmələrini yüksək qiymətləndirib. ADU bu il ilk dəfə olaraq tələbələrini xarici ölkələrdə təcrübə keçmələri üçün şərait yaratmaqla, yeni elmi inkişafa təkan vermiş olub.
Konfrans tələbələrin və müəllimlərin çıxışları ilə davam edib.
Tehsil-press.az