Əgər Arif Hacılı səmimidirsə buyursun... - Etibar Məmmədovun partiyasından CAVAB

Əgər Arif Hacılı səmimidirsə buyursun... - Etibar Məmmədovun partiyasından CAVAB Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Modern.az saytına müsahibəsində Azərbaycan Xalq Cəbhəsindən fikir ayrılığına görə çıxıdığını bildirib.

"1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram".

Müsahibənin dərc edilməsindən sonra Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Etibar Məmmədova cavab verib. O qeyd edib ki, Etibar Məmmədov AXC-dən ayrılanda süverenlik məsələsi artıq keçilmiş mərhələ idi: "Etibar Məmmədov AXC-ni bundan azı il yarım sonra 1991-ci ildə, bu təşkilatla bağlı planları baş tutmadıqdan sonra tərk edib".

Arif Hacılının bu ittihamına isə AMİP-dən cavab gecikməyib.

Partiyanın Ali Məclisinin sədri Rəşad Bayramov açıqlamasında bildirib ki, Etibar Məmmədovun dedikləri yeni bir şey deyil.

"Hərəkat dövründə də ondan sonra da bu məsələ dəfələrlə müzakirə mövzusu olub. Hər kəs də bilir ki, AXC daxilində radikallar adlanan və Etibar Məmmədovun rəhbərlik etdiyi qanad AXC-nin müstəqillik uğrunda mübarizə aparmasını və sonra demokratik cəmiyyət qurulmasını, liberallar isə SSRİ daxilində demokratiya uğrunda mübarizəni və yalnız bundan sonra müstəqillik ideyasını dəstəkləyiblər. Yəni, başqa sözlə desək Etibar Məmmədovun səsləndirdiyi fikirlər bir çoxlarına yaxşı məlum olan həqiqətlərdir".

O qeyd edib ki, Arif Hacılının birdən birə bu fikirlərə reaksiya verməsi və faktları təkzib etməyə cəhd etməsi başa düşülən deyil:

"Ortada konkret sənədlər var. Hələ 1989-cu ildə AXC-nin təsis konfransında Etibar Məmmədov müstəqilliyin nizamnamədə proqram məqsədi kimi öz əksini tapmasını və milliyətçiliyin də əsas prinsiplərdən biri olmasını təklif etmişdi. Lakin nə həmin vaxt, nə də sonra, yəni 1991-ci il Qurultayında deyilən məsələlər öz əksini tapmadı. Əbülfəz bəy konkret olaraq dedi ki, müstəqillik məsələsi hələ tezdir.

İndi Arif Hacılının 20 yanvardan sonrakı mitinqdən video yayaraq nəyisə sübut etməyə çalışması uğursuz cəhddir. Əvvəla ona görə ki, 20 Yanvardan sonra hər kəs müstəqillik haqqında danışırdı. Təbii ki, 20 Yanvardan bir neçə gün sonra hansısa mitinqdə çıxış edib, biz müstəqillik istəmirik, SSRİ qalsın deməyə heç kəsin cəsarəti çatmazdı.

İkinci bir tərəfdən isə mitinqdə danışmaq başqa şeydir, müstəqillik uğrunda mübarizəni təşkilatın əsas məqsədi olaraq proqrama salmaq başqa şeydir. Yəni, mitinqdə, toplantılarda, küçədə hər kəs nəsə danışa bilər, əsas olun bunu rəsmi olaraq təsbit etməkdir.

Görünən odur ki, ya Arif Hacılının təmsil olunduğu təşkilatın sənədlərindən, proqramından xəbəri yoxdur, ya da bilərəkdən faktları təkzib edir. Əgər Arif bəy dediklərində səmimidirsə buyursun AXC-nin 1989 və 1991-ci il Qurultaylarının proqramını paylaşsın və göstərsin görək həmin proqramlarda müstəqilliklə bağlı nə qeyd olunub".

Tehsil-press.az

Oxşar xəbərlər