BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları, eləcə də Universitetin xanım əməkdaş və tələbələrini təbrik edib.
Əliş Ağamirzəyev qeyd edib ki, Azərbaycan Şərqdə ilk dəfə qadınların hüquqlarını tanıyan, onlara seçmək və seçilmək hüququ verən dövlətdir. Azərbaycan qadını tarix boyu öz mübarizliyi ilə seçilib, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib. Ülvilik, zəriflik, gözəllik rəmzi olan Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və incəsənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Azərbaycan xanımının mərdliyi, dözümü, səmimiliyi, paklıq və sadəqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilib. Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyət həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə hörmət və ehtiramla yanaşıb. Bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq, övladlarının sabahı, Vətənimizin rifahı uğrunda səylə çalışırlar. Onların uğurlu fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.
BDU-nun prorektoru vurğulayıb ki, hazırda BDU-da təhsil alan tələbələrin təxminən 70%-i, əməkdaşların 65%-ə qədərini qadınlar təşkil edir. BDU-nun Azərbaycan təhsilinin, elminin avanqardı olmasında xanım əməkdaşların elmi, pedaqoji potensialının mühüm yeri var: “Əziz xanımlar, elmi və təhsil fəaliyyətinizə, bir Azərbaycan qadını kimi fədakarlığınıza, nəcibliyinizə, qorxmazlığınıza və gözəlliyinizə görə hər birinizə təşəkkürümüzü bildiririk”.
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev, Jurnalistika fakültəsinin misirli doktorantı Ehab Mohammed Jaber, Tarix fakültəsinin III kurs tələbəsi Əli Ələkbərli çıxışlarında ölkəmizdə qadınlara göstərilən yüksək diqqət, dəyər və qayğıdan, onların layiqli tribunalarda Azərbaycanı necə şərəflə təmsil etdiklərindən söz açıblar.
Tədbirin sonunda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.
Tehsil-press.az