BDU-da 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir

BDU-da 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir Bakı Dövlət Universitetində (BDU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan qadınları daim cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olub. 8 Mart - Beynəlxalq Qadınlar Günü dünyada qadınlara sevgi və hörmətin rəmzinə çevrilib. Şərqdə ilk dəfə, hətta Avropa ölkələrinin əksəriyyətindən əvvəl qadınların səsvermə hüququnu tanımış ölkə kimi Azərbaycanda gender siyasəti, qadınların ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı əsas prioritetlərdən biridir.
BDU-nun rektoru vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan qadınlarına həmişə yüksək qiymət verib. Ulu Öndərin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Qadınların dövlət strukturlarında iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək cəmiyyətin davamlı inkişafının bir hissəsinə çevrilib. 44 günlük Vətən müharibəsində Böyük Qələbəni qanı-canı ilə qazanan oğullar Azərbaycan qadınlarının necə nəhəng, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını ortaya qoydu.
Elçin Babayev xatırladıb ki, ölkənin ən böyük ali məktəbi olan BDU-da tələbələrin 60, işçi heyətin isə 50 faizdən çoxunu qadınlar təşkil edir. O, BDU ailəsinin qadın təmsilçilərinə bu şərəfli işdə uğurlar arzulayıb.
Tədbir musiqi proqramı ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər