BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib Bakı Dövlət Universitetində (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə 2 Fevral - Azərbaycan Gəncləri Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Yarandığı gündən ölkəmizin həyatında misilsiz xidmətlər göstərən Bakı Dövlət Universiteti bu gün də respublikamızın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən yüksəkixtisaslı mütəxəssislər yetişdirir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini artırır.
Ə.Ağamirzəyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Böyük Zəfərin əhəmiyyətindən danışıb. O, işğaldan azad edilmiş torpaqlarımızda aparılan geniş quruculuq işlərində gənclərin də iştirakının mühüm önəm kəsb etdiyini vurğulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının gənc müəllimi Nuran Məmmədli, Hüquq fakültəsinin tələbəsi, şahmat üzrə Avropa çempionu Uğur İlyaslı çıxış edərək Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin həyata keçirdiyi gənclər siyasətinin rolundan danışıb, tələbə-gəncləri təbrik ediblər.
Tədbirdə Azərbaycan Gəncləri Günü münasibətilə BDU-nun elan etdiyi “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki, BDU artıq 2 ildir Gənclər Günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir və müsabiqənin qalibləri əlamətdar gündə elan olunur. Müsabiqənin nəticələrinə əsasən, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli humanitar və ictimai elmlər üzrə, Kimya fakültəsinin əməkdaşı Gülnar Süleymanova isə təbiət və texnika elmləri üzrə I yerə layiq görülüb.
Daha sonra BDU-nun rektoru Elçin Babayev universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamələr, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov BDU-nun yaradıcı tələbələrinə fəxri diplomlar təqdim ediblər.
Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinin tələblərlə birgə hazırladığı konsert proqramı ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər