“Rahat market”lərin sahibi: “Niyə heç kim bizi dinləmək istəmir?”

“Rahat market”lərin sahibi: “Niyə heç kim bizi dinləmək istəmir?” Artıq bir neçə gündür ki, Azərbaycanda iri supermarket şəbəkələrinin vergi qanunvericiliyinə dəyişiklik edilməsi, yerli istehsala aid olan kənd təsərrüfatı məhsullarının parakəndə satışına qoyulan ƏDV-nin götürülməsi barədə müraciəti ətrafında müzakirələr gedir.
Belə ki, manatın devalvasiyasından sonra bir sıra biznes subyektləri kimi iri supermarket şəbəkələri də ciddi problemlərlə üzləşiblər. Satış dövriyyəsinin aşağı düşməsi, mənfəətin kəskin azalması və vergi qanunvericiliyində aparılan islahatlar supermarketlər üçün vergi yükünün faktiki artmasına səbəb olub. Sahibkarlar, iri supermarket rəhbərləri yerli istehsal olan sosial əhəmiyyətli gündəlik tələbat mallarının parakəndə satışının ƏDV-dən azad olunması üçün qanunvericilikdə dəyişikliklər edilməsini istəyirlər.
Xəbər verildiyi kimi bu məsələ geniş ictimai rezonans doğurub, iqtisadi inkişaf naziri Şahin Mustafayev sahibkarların bir qrupunu qəbul edib, onların müraciətinin araşdırılacağını bildirib. Vergilər naziri Fazil Məmmədov isə supermarketlərə vergi güzəştlərinin olmayacağını deyib.

“Rahat market”lərin sahibi: “Niyə heç kim bizi dinləmək istəmir?”

Tehsil-press.az saytı supermarketlərin üzləşdiyi problem ilk dəfə ictimailəşdirib və sahibkarlar saytımız vasitəsilə bir neçə dəfə bu mövzuda öz problemlərini, müraciətlərini ictimaiyyətə, əlaqədar orqanlara çatdırmağa çalışıblar.
Bu müzakirələrdə hər iki tərəf –hökumət və sahibkarlar özlərinin heç bir şübhə yeri qalmayan əsaslı dəlillərini irəli sürür. Vəziyyət isə yumşalmaq əvəzinə daha da qızışmağa başlayır.
Supermarket rəhbərlərini ən çox narahat edən isə bir neçə gün əvvəl vergilər naziri Fazil Məmmədovun bəyanatı oldu. Hazırda ölkədə istehsal edilən kənd təsərrüfatı mallarının 90-95 faizi bazarlarda, yarmarkalarda satıldığını deyən nazirin sözlərinə görə, supermarketlərə vergi güzəştlərindən söhbət gedə bilməz: “Kim daha yaxşı çeşidlənmiş, qablaşdırılmış məhsul almaq istəyirsə, vergisini ödəyib supermarketlərdən ala bilər. Ona görə də, bu məsələdə vergi güzəşti mümkün deyil”, - nazir bildirib.
Nazirin bu bəyanatından sonra virtualaz.org supermarket sahiblərinin bir neçəsinin mövqeyini çatdırmışdı. İndi onlardan biri, “Rahat market” şəbəkəsinin sahibi Cəlal Babakişiyev yenidən saytımıza müraciət edib və Vergilər Nazirliyinin supermarketlərin vergidən yayınmaq səyləri barədə ittihamlarını cavablandırmaq istədiyini deyib.
“Mən hörmətli nazir Fazil Məmmədovu tamamilə anlayıram. Ona büdcənin gəlirlərinin müəyyən edilmiş səviyyədə təminatı kimi böyük vəzifə həvalə olunub. Böhran şəraitində bunu etmək ağırdır və vergi xidməti tələblərinin kəskinləşməsi tamamilə anlaşılandır. Amma düşünürəm ki, Fazil müəllim yanlış məlumatlandırılıb. Axı supermarketlər heç vaxt vergilər ödəməkdən imtina etməyiblər. Bunun sabotaj və ya sadəcə kiminsə səhvi olduğunu bilmirəm”-Babakişiyev bildirib.
Daha sonra sahibkar bir daha supermarket şəbəkələrinin mövqeyinin izahına keçib. Onun sözlərinə görə, hətta keçən illərin nəticələrinin təhlili göstərir ki, ölkənin ticarət şəbəkəsində təxminən 80% vergi ödənişini bütovlükdə məhz böyük supermarketlər həyata keçirir. “Təkcə "Rahat" supermarketlər şəbəkəsi dövlət büdcəsnə keçən ilin nəticəsinə görə təxminən 2 milyon manat məbləğində vergi ödənişlərini həyata keçirib. Cari ilin başlanğıcından isə ödədiyimiz vergilər 750 min manata yaxındır. Xüsusən də ticarət üçün heç də uğurlu olmayan indiki vaxtda”-sahibkar deyir.

“Rahat market”lərin sahibi: “Niyə heç kim bizi dinləmək istəmir?”

“Aprelin 1-nə qədər bizə köhnə vergi sistemi üzrə 5%-lik dövriyyə ilə işləməyə icazə verdilər, - "Rahat" supermarketlər şəbəkəsinin təsisçisi deyir. Amma indi biz seçim qarşısında qalmışıq: ya dövriyyədən 6% sadələşdirilmiş vergi ödəmək və ya ƏDV-yə keçmək. Hər iki variant bizim üçün məhvedicidir, buna görə də biz həyəcan təbili çalmağa məcbur olmuşuq”.
Təsisçi öz fikirini sadə nümunələrdə izah edir: “Götürək, elə adi kənd yumurtalarını. Marketlər yumurtanın birini əhalidən 15 qəpiyə alır və üzərinə 2 qəpik də özü qoyur. Amma 18% ölçüsündə ƏDV 17 qəpiklik məbləği ötür. Belə aydın olur ki, marketalar belə şərtlər daxilində ziyana işləməlidir ki, bu da, əlbəttə, ağlasığmazdır. Xüsusi əmək sərf etmədən sadəcə əlavə edilmiş dəyərin ölçüsünü artırmaq olar. Məsələn, deyək ki, 5 qəpik artırıb rentabelli işləmək olar. Amma bu sosial problemlər yarada bilər. Həm də problem təkcə yumurtada deyil, bu bütün zəruri kənd təsərrüfatı məhsullarına aiddir”.
Həm də, burada yalnız yerli məhsullardan söhbət gedir. Məsələ ondadır ki, bütün idxal edilən məhsullara artıq gömrük rəsmiləşdirməsi vaxtı vergi ödəyirlər və bu qayda onlara tətbiq olunmur. Marketlər idxal mallarından yalnız onlar tərəfindən əlavə edilmiş məbləğə görə ƏDV ödəyirlər. Amma yerli məhsullar marketlərə çatdırılana qədər bütün vergilərdən azad ediliblər. Və bu gün vergi boşluğunun bütün ağırlığı bu zəncirdə son həlqənin – marketin üzərinə düşür. Belə məlum olur ki, məhz marketlər bu mürəkkəb zəncirin istehlakçıya qədər bütün iştirakçılarının əvəzinə işləməlidir, vergiləri ödəməlidir.

“Rahat market”lərin sahibi: “Niyə heç kim bizi dinləmək istəmir?”

Əgər dövlət vergilərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarını azad edirsə, eyni zamanda həmin vergilər marketin ödəməsi düzgün addım deyil. Anlaşılmazdır ki, dövlətin kənd təsərrüfatı istehsalçılarından almadığı vergini niyə marketlər ödəyir?
“Bundan başqa, Vergilər Nazirliyinin bəyanatından belə aydın olur ki, supermarketlər prinsip etibarilə və çox da lazımlı deyil və bazarlar onları asanlıqla əvəz edə bilər. Vergilər naziri əhalini bazarların xidmətlərindən istifadə etməyə çağırır, amma orada heç satıcılar vergiləri ödəmirlər. Bəs bu vergilərin yığımını artırmağa və büdcəni doldurmağa kömək edəcək? Buna görəmi ölkə rəhbərliyi sahibkarları alıcıların yüksək tələblərinə cavab verən ticarət mərkəzlərini tikməyə həvəsləndirir? Görünür ki, biz yeni ticarət mədəniyyətinə öyrəşməyə başlamışkən, yenidən heç vaxt nə təmizliyi, nə də səliqəsi olan bazara üz tutmalıyıq”-Babakişiyev bildirir.
Sahibkarın fikrincə etiraf etmək lazımdır ki, supermarketlərin problemlərinə belə münasibət ticarət sisteminə bir qədər köhnə sovet yanaşmasını xatırladır: “Alverçilər” etiraz etməyə cürət etməzlər və vəziyyətdən çıxış yolu tapacaqlar.

“Rahat market”lərin sahibi: “Niyə heç kim bizi dinləmək istəmir?”

“Müasir supermarketlər böyük diqqət tələb etdikləri halda onlara bildirirlər: sən bağlanacaqsan, sənin yerinə başqaları gələcəklər. Məhz bu səbəbdən heç kəs məsələnin mahiyyətini dərk etmək istəmir. Başqa cür olsaydı, supermarketlər ƏDV-dən çoxdan azad edilmiş olardı. Yəni, zəruri sosial əhəmiyyətli mallara ƏDV-ni azaltmaq, amma ikinci dərəcəli və lyuks mallara ƏDV-ni daha çox yüksəltmək olardı. Nəticədə büdcə heç vaxt zərər çəkməzdı və alıcılar da razı qalardılar.
“Bu gün biz yerli zəruri ehtiyac məhsullarından imtina etmək məcburiyyəti qarşısında qoyulmuşuq”, - Babakişiev məyus halda deyir.
“Doğrudur, hələ bu məhsulların qiymətini qaldırmaq olar. Amma bizim hesablamalarımıza görə, ondan sonra bizi müflislik gözləyir. Ölkədə keçirilən islahatların hədəfi budurmu?
Axı dövlət başçısı bütün çıxışlarında məmurları sahibkarları müflisləşməyə deyil, dəstəkləməyə çağırır. Niyə heç kim bizi dinləmək, bizim problemlərimizi anlamaq istəmir?”-sahibkar sual edir.


Tehsil-press.az

Oxşar xəbərlər