HEYDƏR ƏLİYEV FENOMENİ AZƏRBAYCANIN İQTİSADİ MÜSTƏQİLLİYİNİN ƏBƏDİ MƏNBƏYİDİR

HEYDƏR ƏLİYEV FENOMENİ AZƏRBAYCANIN İQTİSADİ MÜSTƏQİLLİYİNİN ƏBƏDİ MƏNBƏYİDİR Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin tarixi xidmətlərinin sərhədləri ölçüyə gəlməzdir. Bu dahi şəxsiyyətin fundamental xidmətlərindən biri də müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinə verdiyi tarixi töhfələrdir.

1969-cu ildə Azərbaycana rəhbər təyin edilmiş Ulu Öndər Heydər Əliyevin cəsarətli iqtisadi siyasəti sayəsində ümumilikdə respublikanın inkişafı üçün hərtərəfli və uzunmüddətli yüksək dönüşün əsası qoyulmuşdur. 1970-1985-ci illərdə reallaşdırılan kompleks mühüm təşkilati-təsərrüfat tədbirləri nəticəsində respublikanın tarixində ilk dəfə olaraq onun geniş inkişaf imkanları müəyyənləşdirilmiş və öz dövrü üçün çox böyük istehsal potensialı yaradılmışdır.

Həmin dövrdə respublika iqtisadiyyatının aparıcı sahələrindən hesab olunan sənayenin inkişafında çox mühüm dəyişikliklər diqqəti cəlb edirdi. Sənayenin inkişafında əldə edilmiş irəliləyişlərin nə qədər böyük olduğunu qiymətləndirmək üçün 1985-ci ildə sənayenin bütün sahələrində mövcud istehsal həcminin 1970-ci illə müqayisədə 2,9 dəfə artırmasını göstərmək kifayətdir.

Qeyd etmək lazımdır ki, 1969-1982-ci illərdə Azərbaycanda sənayenin bir sıra yeni sahələri – yüngül və yeyinti sənayesi üzrə maşın və avadanlıqların istehsalı, elektron maşınqayırma, radiosənaye sahələri yaradılmışdır. Ümumilikdə 1971-1985-ci illər ərzində respublikada 581 çeşiddə yeni tipli maşın, avadanlıq və cihazların istehsalı təşkil edilmişdir. 65 dünya ölkəsinə 350 adda məhsul ixrac olunurdu. İqtisadiyyatın strukturu əhəmiyyətli səviyyədə təkmilləşdirilmişdi və Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön cərgəyə çıxa bilmişdi.

1970-1982-ci illərdə Azərbaycan Respublikası üzrə məcmu ictimai məhsul – 2,3 dəfə, sənaye və kənd təsərrüfatı məhsulları istehsalı – 2,2 dəfə, milli gəlir – 2,3 dəfə, əsaslı vəsait qoyuluşu 1,8 dəfə yüksəlmişdir. Həmin dövrdə adambaşına düşən real gəlir – 1,5 dəfə artmış və mənzil tikintisinin həcmi şəhər yerlərində 13,4 milyon kvadrat metr genişlənmişdir. Respublikada 220 yeni sənaye müəssisəsi istismara verilmişdir. Kənd yerlərinin inkişafı xüsusi prioritetlik təşkil etmişdir və 4,8 milyon kvadrat metr yaşayış evləri, təhsil və səhiyyə müəssisələri istifadəyə verilmişdir.

Ulu Öndər Azərbaycanda insan kapitalının inkişafına və yüksək ixtisaslı kadrların yetişməsinə xüsusi diqqət yetirirdi. Respublikada elm və təhsil maksimum prioritetlik səviyyəsinə qaldırılmışdı. Bir faktı qeyd etmək lazımdır ki, 1969-1980-ci illərdə 15 min Azərbaycanlı tələbə keçmiş SSRİ-nin o dövr üçün ən öncül ali məktəblərində təhsil almış və bununla da Respublikamız üçün vacib olan kadr potensialı formalaşdırılmışdır.

Müasir dövrdə Azərbaycan özünün müstəqilliyini bərpa etdikdən sonrakı proseslərdə tarixi problemlərin həll edilməsi lazım gəlmişdir. Güclü dövlətçilik atributlarının yaradılması, sosial-iqtisadi inkişafın dayanıqlılığının və dinamikliliyinin təmin edilməsi, milli sərvətlərdən milli rifah naminə istifadənin təşkili, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisadi inkişaf modelinin bazar iqtisadi prinsiplərinə uyğunlaşdırılması, ölkənin iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına çıxması üçün ardıcıl və təsirli tədbirlərin görülməsi kimi tarixi missiyaların reallaşdırılmasında Ulu Öndər, böyük şəxsiyyət və dahi zəkaya malik Heydər Əliyevin xidmətləri danılmazdır.

Heydər Əliyev 1993-cü ilin ortalarında ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etməyə başladı. İlk növbədə, xalqın hakimiyyətə inamını geri qaytardı, xalqı ümidsizlikdən çıxardı. İqtisadi xaotik prosesləri, xüsusilə tüğyan edən inflyasiyanı cilovladı, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin etdi. Dövlətin idarəetmə strukturu gücləndirildi, ali qurumlar və institusional dövlət orqanlarının təşkili prosesləri sürətləndirildi. İqtisadi islahatlara hazırlıqlar görülərək başlanıldı və iqtisadiyyatın bütün sahələri üzrə sabitliyin təminatı tədbirlərinin icrasına start verildi.

Həmin dövrdə Azərbaycanda iqtisadi tənəzzül ən təhlükəli həddə çatmışdı. 1991-1995-ci illərdə ölkənin sənaye potensialı çökmüşdü, misal üçün iri və aparıcı sənaye müəssisələri öz istehsal güclərinin 20 % səviyyəsində işləyirdi. Ölkə sənayesində və kənd təsərrüfatında geriləmə müvafiq olaraq 24 % və 20 % təşkil edirdi. Əhali inflyasiyanın girovuna düşmüşdü və istehlak qiymətləri 14-18 dəfə artmışdı. Mühüm ərzaq məhsulları ilə təminatda çətinliklər yaranmışdı. Belə bir şəraitdə Neft Strategiyasının reallaşdırılması, ölkədə aqrar islahatların aparılması tezliklə öz nəticələrini vermişdir.

Ölkədəki ağır şəraitə, çoxlu problemlərin olmasına baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycanın bir dövlət kimi ən ağır taleyüklü məsələsi olan – milli resurslardan və sərvətlərdən xalqın rifahı, milli maraqlar qorunmaqla istifadəsi strategiyasını işləyib hazırladı. Əsrin Müqaviləsi layihəsi 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında imzalanmışdır. Bu tədbirdə Böyük Britanya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etmişlər. Bu tarixi imzalanma mərasimində Heydər Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk”.

Əsrin Müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başladı. Ölkədə bazar iqtisadiyyatı mexanzimləri və infrastrukturun yaradılması prosesləri sürətləndirildi. Bu Müqavilənin bağlanması Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan verdi, ölkəyə yeni texnologiyalar, innovasiyalar, mütərəqqi idarəetmə metodları gəlməyə başladı. Bazar iqtisadiyyatı mexanzimlərinin intensiv tətbiqi hesabına milli iqtisadiyyatın müasir fəaliyyət mexanzimləri formalaşdırıldı, sahibkarlığın və biznesin inkişafına əlverişli mühit yaradıldı. Azərbaycanda iqtisadi islahatların əsas fazasının səmərəli təşkil olunması mümkünləşdi və bu proseslərdə neft sənayesi özünün lokomotiv funksiyasını layiqincə yerinə yetirdi.

Milli iqtisadiyyatın hasilat sənayesi ilə yanaşı, digər iqtisadiyyat sahələrinin – qeyri-neft sektoru sahələrinin inkişafı proseslərinin təməli qoyuldu. Neftdən gələn gəlirlərin hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin modernizasiya prosesləri həyata keçirildi. Ölkədə geniş miqyaslı abadlıq-quruculuq işlərinin və tədbirlərinin görülməsi sürətləndirildi. Rəqabət qabiliyyətli infrastruktur şəbəkəsinin yaradılması təmin olundu. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində əhəmiyyətli addımlar atıldı. Xüsusilə, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması məqsədilə geniş miqyaslı layihələr reallaşdırıldı.

Davamlı və sistemli, həmçinin Heydər Əliyev dühası, müdrikliyi və uzaqgörənliyi ilə mükəmməl hazırlanmış Neft Strategiyası əsasında neft hasilatı ilə yanaşı, təbii qaz hasilatı üzrə, həmçinin neft və təbii qazın dünya bazarlarına çıxarılması istiqamətində iri layihələrin reallaşdırılması mümkün olmuşdur. Regionun ən iri neft və təbii qaz nəqli layihələri Azərbaycanın təşəbbüsü və fəal maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Qeyd edək ki, 1995-2003-cü illər ərzində müstəqil Azərbaycanda Heydər Əliyevin apardığı islahatlar nəticəsində ölkə üzrə ÜDM 90,1 %, sənaye məhsulunun həcmi 22,4 %, kənd təsərrüfatı üzrə artım 52,8 %, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə artmışdır.

“Əsrin müqaviləsi”nin icrasına başlanılması ilə Azərbaycan xarici investisiyalar üçün cəlbedici iqtisadi rejim yaratdı. Ölkəmiz beynəlxalq əməkdaşlıqda sıçrayış etdi və milli maraqlarımız qorunmaqla, beynəlxalq əmək bölgüsü sistemində özünün mineral resursları ilə ixtisaslaşmağa nail oldu. 1997-ci ildən başlayaraq neft hasilatı start götürdü və hasilatın həcmi dəfələrlə artdı.

Həmin dövrə qədər 20 enerji müqaviləsi üzrə ölkəmizə 60 milyard ABŞ dolları birbaşa xarici investisiyalar yatırılmışdır. Azərbaycan neftinin maliyyə tutumlu dünya bazarlarına çıxarılması üçün ixrac neft kəmərinin ərsəyə gəlməsindən ötrü tarixi səylər göstərilmişdir. Məhz Heydər Əliyevin titanik əməyi nəticəsində Bakı – Tiblisi – Ərzurum qaz kəmərinin təməli qoyulmuşdur və eyni zamanda Dövlət Neft Fondunun yaradılması kimi strateji qərar qəbul edilmişdir.

1993-2003-cü illərdə Heydər Əliyevin apardığı geniş miqyaslı və uzaq dövr üçün strateji əhəmiyyət kəsb edən fəaliyyəti nəticəsində Qarabağ cəbhəsində atəşkəs rejiminə nail olunmuş və ölkəmizin müstəqil dövlət kimi gücləndirilməsi istiqamətində önəmli addımlar atılmışdır. Dövlət aparatı və idarəçiliyi maksimum təkmilləşdirilmiş, dövlət və millət vəhdəti yaradılmış, cəmiyyətin sağlam inkişafı təmin edilmiş, dərin ordu quruculuğu həyata keçirilmiş və müasir reallıqları özündə əks etdirən xarici iqtisadi siyasət formalaşdırılmışdır.

Heydər Əliyevin tarixi xidmətlərindən biri də Qarabağın sosial-iqtisadi inkişafının təmin edilməsi və xüsusilə Şuşa şəhərinin Qarabağın mərkəzi kimi inkişaf etməsində rolu ilə bağlıdır. Son 100 il ərzində erməni işğalçıları xarici havadarlarının köməyi və fəal dəstəyi ilə Qarabağ torpaqlarını zaman-zaman işğal etmişlər. Keçmiş SSRİ-nin süqutundan sonra isə Qarabağ tamamilə işğal olunmuşdur.

Məhz Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlətçilik atributlarını gücləndirmiş və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqda tarixi işlər görmüşdür. Heydər Əliyevin əsasını qoyduğu bu milli strategiya Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da təkmilləşdirilmiş və 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Böyük Qarabağ Zəfərində torpaqlarımız işğaldan azad olunmuşdur. 2023-cü ilin 19-20 sentyabrında isə ölkəmizin dövlət suverenliyi və ərazi bütövlüyü tam olaraq təmin edilmişdir.

Heydər Əliyevin müdrik və dahi zəkası ilə mayası yoğrulmuş uzaqgörən iqtisadi inkişaf və iqtisadi müstəqillik strategiyası əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişaf modeli qlobal çağırışlara uyğun şəkildə yenilənməkdə və təkmilləşdirilməkdədir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi prosesləri üzrə kompleks və sistemli, həm də müstəqil dövlət yanaşması ortaya qoyulmuşdur.

Hazırda postkonflikt ərazilərin bərpası sürətlə aparılır. Şəhərlər, kənd və qəsəbələr məskunlaşma proseslərindədir. Bu ərazilərdə həyat dirçəlir, sosial və istehsal infrastrukturu qurulur. İki beynəlxalq Hava Limanı – Füzuli və Zəngilan Hava Limanları istismara verilmişdir. Tezliklə Laçın Beynəlxalq hava limanının açılışı olacaqdır. Şuşa, Füzuli, Laçın şəhərləri daha intensiv şəkildə məskunlaşmaqdadır. Regionda çoxsaylı nəqliyyat layihələri icra olunmaqdadır.

Digər tərəfdən, Zəngəzur qlobal Nəqliyyat Dəhlizinin açılması üçün vacib olan dəmir yolu və avtomobil yolu infrastrukturu yaradılır. İşğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldilməsi və iqtisadiyyat quruculuğunun təşkili Azərbaycanın müstəqil dövlət kimi iqtisadi gücünün və qüdrətinin ifadəsidir. Belə ki, bu ərazilərdə görülən işlər məhz ölkəmizin öz maliyyə resursları hesabına həyata keçirilir.

Ümumilikdə, əminliklə deyə bilərik ki, Heydər Əliyevin dahi zəkası əsasında formalaşan və təkmilləşən iqtisadi inkişaf modelimiz müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin etibarlı qarantı və ilhamverici əbədi mənbəyidir.

ŞƏFA ƏLİYEV,
Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru,
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri.


Tehsil-press.az

Oxşar xəbərlər