BDU-da Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə gəlməsinin 54-cü ildönümü qeyd olunub

BDU-da Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə gəlməsinin 54-cü ildönümü qeyd olunub Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə gəlməsinin 54-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edilib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizə rəhbərliyi dövründə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi-iqtisadi əsaslarını yarada bilib. Müdrik siyasətçi hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələri paralel sürətdə inkişaf etdirib. Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunub. O zaman da, indi də ölkəmizin ugurlu inkişafının və intibahının təməlində Heydər Əliyev siyasəti dayanıb.
İ.Zeynalov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. O, Ulu Öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb.
Sonra çıxış edən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev bildirib ki, Ulu Öndər Heydər Əliyev ideyaları əbədiyaşardır. Ümummilli Lider Heydər Əliyev təhsil, mədəniyyət, iqtisadi inkişaf sahəsində mühüm əhəmiyyətli islahatlar həyata keçirib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox önəmli rol oynayıb.

Tehsil-press.az




Oxşar xəbərlər