Ölkəmizin bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqımızın nicatı oldu

Ölkəmizin bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqımızın nicatı oldu "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransı Ulu Öndərin məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universiteti, əsasını qoyduğu, müstəqil dövlətimizin siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası və qardaş Türkiyənin Ankara Universiteti tərəfindən birgə təşkil edilib. Konfransda 2 gün ərzində 110-dan çox məruzə dinləniləcək.
Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib: "Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. Ölkəmiz üçün mürəkkəb bir dövrdə, onun parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu. O, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. 1993-cü ilin 15 İyunu – müdrik xalqımızın haqlı olaraq Milli Qurtuluş Günü adlandırdığı bu tarixi gün – xalqımızın və dövlətimizin taleyində dönüş nöqtəsi oldu. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirilməsi üçün Ulu Öndər tərəfindən misilsiz addımlar atıldı. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu".
Elçin Babayev bildirib ki, ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. İllər sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi Qələbənin təməlləri yaradıldı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yeni, yüksək mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müqəddəs ata vəsiyyətini, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı xalqımızın ən ülvi və müqəddəs arzusunu şərəflə yerinə yetirdi. 2020-ci ildə qardaş Türkiyənin siyasi dəstəyi, müdrik xalqımızın sarsılmaz birliyi, qəhrəman əsgərlərimizin qanı və canı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi ilə cəmi 44 gün ərzində 30 illik işğal bitdi. Xalqımız müzəffər xalq olduğunu bütün dünyaya sübut etdi.
“Bu gün biz qürur hissi ilə onu da qeyd edirik ki, Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” - kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda, Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi də bütün xalqımız kimi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı rəğbətlə qarşılayır, həmişə olduğu kimi, bu yubiley günlərində də Ulu Öndərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir”, - deyə rektor bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər