
Belə ki, hələ orta əsrlərdə azərbaycanlı gənclər Şərqin tanınmış məktəb və mədrəsələrində təhsil almış, Şərqdə elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermişlər. Mütəxəssislərin fikrincə, Azərbaycanın Qərblə təhsil əlaqələrinin tarixi XVIII-XIX əsrlərə təsadüf edir. Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra bu tendensiya xüsusilə güclənir. Həmin dövrdə, xüsusilə XIX əsrdə xeyli sayda azərbaycanlı öz təşəbbüsləri ilə Avropanın, Rusiya və digər ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar. Xüsusi vurğulamaq lazımdır ki, həmin dövrdə xaricdə təhsil almış mütəxəssislər sonradan Azərbaycanda ali təhsilin təşəkkülündə misilsiz xidmətlər göstərmişlər. Bir neçə tarixi şəxsiyyəti və faktları xatırlayaq.
XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycanda elmin, mədəniyyətin və məktəb təhsilinin inkişafında böyük xidmətləri olan Həsən bəy Zərdabi 1865-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat şöbəsinin təbiətşünaslıq şöbəsini əla qiymətlərlə bitirmişdi və ona Universitetin Elmi Şurası tərəfindən əxlaqına və təhsildə uğurlarına görə namizədlik dərəcəsi verilmişdi.
Əlifba islahatı sahəsində böyük xidməti olan Məhəmməd ağa Şahtaxtlı 1879-1880-ci illərdə Almaniyada Şərq tarixinə dair tədqiqatlara başlamış, 1898-1902-ci illərdə Parisdə Fransa kollecində və Ali təcrübə təhsil məktəbində Şərq dillərindən dərs demiş, Sorbonna Universitetində fonetika sahəsində tədqiqat aparmışdır.
XIX əsrin böyük alimi Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu Kazım bəy – Mirzə Kazımbəy 40 ildən çox müddətdə Kazan və Peterburq universitetlərində professor olaraq dərs demiş, əsərləri London və Parisdə çap olunmuşdur.
XIX əsrdə Rusiyada şərqşünaslıq elminin inkişafında ciddi rol oynamış Əbu Turab Vəzirov, Mirzə Məhəmməd Şəfi, Sadıx bəy Cəfərov, Mirzə Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Məhəmməd Əliyev, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rizayev, Ruhulla Əli Axundov, Mirzə Cəfər Topçubaşov (London Kral Asiya Cəmiyyətinin üzvü) Rusiyada müəllim və tərcüməçi kimi fəaliyyət göstərmişlər.
1880-1890-cı illərdə Strasburq Universitetində təhsil almış kimya doktoru Mövsüm bəy Xanlarov Bakıda üzvi kimya üzrə tədqiqatlara başlamışdı. 1879-cu ildə onun təşəbbüsü ilə qabaqcıl rus və azərbaycanlı alimləri birləşdirən Rus Texniki Cəmiyyəti Bakı Şöbəsinin yaradılması Azərbaycanda kimya və kimya sənayesinin inkişafına böyük təkan vermişdi.
Təsadüfi deyil ki, təhsil tariximizdə sistemli şəkildə beynəlxalq əlaqələrin təməli də məhz azərbaycanlıların xaricdə təhsili vasitəsilə qoyulmuş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq azərbaycanlıların dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi təcrübəsindən istifadə olunmuşdur.
Belə ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən 100 nəfər azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə bağlı qərar qəbul edilmiş, onlar üçün yol xərci və təqaüdlər müəyyənləşdirilmişdi. Göndərilən tələbələrin 49-u Almaniya, 27-si Fransa, 4-ü İtaliya, 1-i İngiltərə, 6-sı Türkiyə və digər ölkələrin ali məktəblərinə yola salınmışdı. Rusiyada vətəndaş müharibəsi başladığına görə 13 nəfəri həmin ölkəyə göndərmək mümkün olmamışdı. Parlament komissiyası tərəfindən 31 nəfər də əlavə olaraq seçilmişdi ki, onların da böyük əksəriyyəti öz hesabına, yaxud xeyriyyəçilərin maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin ali məktəblərinə göndərilmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti süquta uğramış, xalqımız xaricdə təhsil almağa göndərilən bu soydaşlarımızdan yetərincə bəhrələnə bilməmişdir.
Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonrakı ilk illərdə xaricə göndərilən azərbaycanlı gənclərin təhsili barədə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov tərəfindən “Xaricə oxumağa göndərilən azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında” xüsusi dekret imzalanmış, ilk vaxtlar onların ali təhsili başa vurmalarına şərait yaradılsa da, bu iş sonadək başa çatdırılmamışdı. Bu səbəbdən də onların bəziləri getdikləri ölkələrdə başqa sahələrdə işləməyə başlamış, bəziləri isə öz təhsillərini yarımçıq qoyub vətənə qayıtmışlar. Sonradan onların əksəriyyəti repressiya qurbanı olmuşdur.
Keçmiş Sovetlər Birliyi dövründə Azərbaycanın xarici ölkələrlə birbaşa təhsil əlaqələri yaratması imkanları məhdud idi. Bir qayda olaraq həmin dövrdə əlaqələr ittifaq respublikaları arasında yaradılırdı. Belə əlaqələr daha çox ali və orta ixtisas təhsili sahəsini əhatə edirdi.
XX əsrin 20-ci illərin ortalarından azərbaycanlı gənclərin ali təhsil almaq üçün Moskva, Leninqrad (Sankt-Peterburq) və Rusiyanın digər iri şəhərlərində yerləşən ali məktəblərə göndərilməsinə başlanmışdı. Təkcə 1925/26-cı tədris ilində Rusiyanın ali məktəblərində 120 azərbaycanlı gənc təhsil alırdı. Əgər 1929/30-cu tədris ilində Rusiyada və SSRİ-nin digər respublikalarının ali məktəblərində 249 tələbə təhsil alırdısa, 1930/31-ci tədris ilində onların sayı 492-yə çatmışdı. 1950-ci ildə təkcə Moskva və Leninqradın (Sankt-Peterburq) ali məktəblərində 800-dən artıq azərbaycanlı təhsil alırdı.
1970-1980-ci illərdə Azərbaycanda ali təhsilin inkişafı, o cümlədən ölkədən kənarda kadr hazırlığı Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Respublika üçün ölkədən kənarda sistemli şəkildə kadr hazırlığına məhz həmin dövrdə başlanmışdır.
O illərdə görülən işlərin millətin mənəvi təkamülündəki rolunu, dövlətçilik baxımından miqyasını, mahiyyətini və perspektivlərini dərk etmək üçün Heydər Əliyevin Azərbaycana rəhbərliyin birinci mərhələsində respublikadan kənara təhsil almağa göndərilən gənclərlə bağlı bəzi rəqəmlərə diqqət yetirək:
1969-70-ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, onların sayı 1970-ci ildə 60 nəfər, 1973-cü ildə 140-dan artıq, 1974-cü ildə 357 nəfər, 1975-ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatmış və 1976-cı ildən başlayaraq bu proses daha intensiv xarakter almış, 800-900 tələbə göndərilməsinə nail olunmuşdu. 80-ci illərin əvvəllərindən isə hər il 1000-1400 nəfərədək gənc Azərbaycandan kənara təhsil almağa göndərilirdi.
Əvvəlki illərlə müqayisədə tələbələrin sayı ilə yanaşı, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı. Bu faktlara diqqət yetirək: 1977-ci ildə 1970-ci illə müqayisədə ixtisasların sayı 5 dəfə artaraq 244-ə çatmış, ali məktəblərin sayı 140-a, ali məktəblərin yerləşdiyi şəhərlərin coğrafiyası genişlənərək 40-a yüksəlmişdi. Bu proses sonrakı illərdə də (1978-1982) intensiv olaraq artmış, 1978-ci illə müqayisədə ali məktəblərin sayı 151-dən 170-ə yüksəlmiş, ixtisasların sayı 244-dən 250-yə qalxmış, ən zəruri istiqamətlərin sayı 80-ə çatmışdır.
Beləliklə, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu bu ənənə həmin illərdə Sovetlər Birliyinin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaratmışdı.
Bundan başqa qeyd edək ki, Heydər Əliyevin birbaşa göstərişi əsasında təhsil almağa göndərilənlərin 1) xüsusi istedada malik olması və 2) onlar arasında azərbaycanlıların çoxluq təşkil etməsi daim diqqət mərkəzində saxlanılırdı.
Belə bir fakta nəzər salaq ki, həmin dövrdə Heydər Əliyevin apardığı uzaqgörən milli təhsil siyasəti nəticəsində Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək cəmi 40% təşkil edirdisə, 1976-cı ildə bu rəqəm 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə yüksəlmişdi. Bu, böyük tarixi-mədəni nailiyyət idi və bu tarixi uğur Heydər Əliyevin adı ilə bağlıdır.
Keçən əsrin 70-ci illərində əsası qoyulmuş bu tarixi ənənədən Azərbaycan gənclərinin 1996-cı ilin fevralın 2-də keçirilən I Forumunda bəhs edən prezident Heydər Əliyev o zaman başladığı bu böyük işin müsbət nəticələrinə dair demişdir: “... O zaman bizim gördüyümüz bu böyük işin nəticəsi mənə yaxşı məlum idi. Bəhs etdiyimiz dövrdə gəclərin hər il təhsil ocaqlarına göndərilməsi burada bir daha yada salındı. Doğrudan da, hər il burada, bu salonda (indiki Heydər Əliyev Sarayı nəzərdə tutulur) biz həmin gəncləri Moskvaya, Leninqrada, Kiyevə, başqa-başqa şəhərlərə yola salırdıq, onlara xeyir-dua verirdik, onlara yüksək təhsil almaq üçün, yaxud bizim respublikamızda olmayan ixtisasları mənimsəmək üçün həmin təhsil mərkəzlərinə göndərirdik. Bunlar öz bəhrəsini verir…”.
Sonrakı illərdə belə görüşlərin keçirilməsi bir ənənə halını almışdı. 31 avqust 1998-ci ildə Heydər Əliyevin iştirakı ilə indiki Heydər Əliyev Sarayında 1970-1980-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərlə görüş keçirildi. Bu tarixi görüşdə Heydər Əliyev geniş çıxış edərək bir sıra əhəmiyyətli məqamlara toxundu: “Nə üçün bununla çox ciddi məşğul olduq və nə üçün onunla bilavasitə Azərbaycanın birinci rəhbəri məşğul olurdu? Birincisi, ona görə ki, bizə bir çox ixtisaslar üzrə mütəxəssislər lazım idi ki, onlar Azərbaycanın ali məktəblərində hazırlana bilmirdi. İkincisi, şəxsən mən bu təşəbbüsü göstərərkən Azərbaycan gənclərini öz çərçivəsindən çıxıb dünyaya daha geniş baxış etmək yoluna salmaq istəyirdim... O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”. Heydər Əliyevin bu fikirləri Azərbaycanın çağdaş tarixində milli təhsil tariximizin qızıl hərflərlə yazılmış səhifləridir.
Ulu öndər Azərbaycandan kənarda ali təhsilin əhəmiyyətindən danışarkən qeyd edir ki, “...Biz ildə 800-900 nəfər azərbaycanlı balasını o vaxtlar Sovetlər İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə göndərirdiksə, demək, biz Azərbaycan Dövlət Universitetinə olan qəbul qədər əlavə mütəxəssis hazırlayırdıq. Sonralar bunu Moskvada hiss etmişdilər. Onlar görmüşdülər ki, beləliklə, biz Azərbaycanın ərazisində olmayan, ancaq respublikamız üçün kadr hazırlayan yeni bir ali məktəb yaratmışıq...”. Ulu öndərin 70-80-ci illərdə respublikadan kənarda azərbaycanlı gənclərin təhsil almalarına bu cür geniş imkan yaratmasını və bu işə daim qayğı göstərməsini, onun tarixi xidmətlərinin miqyasını qeyd etməklə, belə bir həqiqəti də deməliyik ki, respublikada mövcud ali məktəblərdən əlavə fəaliyyət göstərən “bu rəmzi unikal ali məktəbin” yaradıcısı və rəhbəri Heydər Əliyevin özü idi. Bu gün istər ölkəmizdə, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən həmin mütəxəssislər 70-ci illərdə əsası qoyulan və 15 mindən çox yetirməsi olan Heydər Əliyev məktəbinin məzunları, kadrlarıdır.
Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri daim diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərir, onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” adlandırırdı. Bu yolla Azərbaycanın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı, ən qabiliyyətli gənclərimizin vasitəsi ilə xalqımızın mədəniyyətinin, mənəvi-əxlaqi dəyərlərinin təbliği kimi çox vacib bir məsələ də yerinə yetirildi.
O dövrdə reallaşdırılan məqsədyönlü siyasətin nəticəsidir ki, indi Rusiyada və digər keçmiş İttifaq dövlətlərində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Diasporumuzun ən fəal üzvləri Ulu Öndərin keçən əsrin 70-80-ci illərində Azərbaycandan kənarda ali təhsil almaq üçün göndərdiyi tələbələrdir.
Müşahidələr göstərir və təhlillər sübut edir ki, həmin dövrdə müttəfiq respublikalar və digər ölkələrlə yaradılmış təhsil əlaqələri müstəqillik dövründə beynəlxalq əlaqələrin qurulmasında etibarlı təcrübə rolunu oynadı. Təsadüfi deyildi ki, Ulu Öndər Heydər Əliyev bu təcrübəyə müstəsna əhəmiyyət verirdi.
Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlıların xaricdə təhsil alması prosesinə yenidən təkan verildi. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə bu proses sürətləndi. Azərbaycanlı gənclərin xarici ölkələrin universitetlərində təhsil alması müxtəlif istiqamətlərdə həyata keçirilməyə başlandı: 1) öz təşəbbüsləri və imkanları hesabına xaricdə təhsil; 2) müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil; 3) təhsil sahəsində əməkdaşlıq çərçivəsində ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına hökumət tərəfindən həyata keçirilən xaricdə təhsil; 4) Dövlət Proqramı xətti ilə xaricdə təhsil.
Heydər Əliyevin azərbaycanlı gənclərin təhsil almaq üçün ölkədən kənardakı nüfuzlu ali məkblərə göndərilməsi ənənəsinə sadiq qalan Prezident İlham Əliyev bu gün “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçirir.
Bu strategiyanın icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təmin olunur.
“2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilmiş və onlara təqaüd verilmiş, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir.
Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Dövlət Proqramının icrası müddətində hər il 500 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktoratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Bu proqramlar maddi kapitalın insan kapitalına çevrilməsinə, davamlı insan inkişafına, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə və tərəqqisinə istiqamətlənmişdir. Ümummilli Liderin xaricdə təhsil ənənəsi indi daha çox ölkələri, ixtisasları və istiqamətləri əhatə etməklə öz bəhrəsini verməkdədir.
Qurban Qurbanlı,
Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Tehsil-press.az