İlham Əliyev Türkiyədə keçiriləcək BMT-nin Humanitar sammitinə qatılacaq

İlham Əliyev Türkiyədə keçiriləcək BMT-nin Humanitar sammitinə qatılacaq Prezidentin BMT-nin sammitində iştirak edəcəyi bildirilir.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gedəcək. Tehsil-press.az-ın məlumatına görə, səfər 23-24 may tarixlərinə planlaşdırılır. İham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar sammitində iştirak edəcək. Sammitə BMT-nin baş katibi Pan Gi Munla yanaşı dünyanın bir çox nüfuzlu şəxsləri dəvət olunub.
Prezident İlham Əliyevin Türkiyəyə sonuncu səfəri aprelin 13-də olub. Həmin səfər zamanı prezident İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlıqlar müzakirə olunub.
Bundan əvvəl də İlham Əliyev martın 15-də Türkiyəyə səfər edib. Həmin vaxt Türkiyədə güclü partlayışlar baş verdiyindən Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Bakıya gələ bilməmişdi. İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirildi və Bakıya təyin edildi.
Ankarada terror aktı: ölü və yaralılar var
Amma Ərdoğana Bakıya gəlmək də nəsib olmadı. Ankarada törədilən terror hadisəsi səfərin təxirə salınması ilə nəticələndi.
İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edildi. Gözlənilən səfərdən iki gün öncə Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan ikinci terror aktı baş verdi. İlk günlər Ərdoğanın Bakı səfərinin reallaşacağı deyilirdi. Lakin sonradan Türkiyə prezidentinin Azərbaycana səfəri ləğv edildi.
R.T.Ərdoğanın səfəri ləğv edilsə də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi açıqlandı. İlham Əliyevin həmin vaxt Türkiyəyə səfər etməsi türk cəmiyyəti tərəfindən xoş qarşılanmışdı.

İlham Əliyev Türkiyədə keçiriləcək BMT-nin Humanitar sammitinə qatılacaq

Rusiya prezidenti Vladimir Putin isə mayın 23-24-də Türkiyəyə səfər etməkdən imtina edib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O, mayın 23-24-də İstanbulda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının humanitar sammitində iştirak etməli idi.
Peskov Putinin İstanbula getməməsinin səbəbini prezidentin iş cədvəlində səfərin nəzərdə tutulmaması ilə izah edib. "Təəssüf ki, qrafikdə bu səfər üçün yer yoxdur. Rusiya digər rəsmi şəxs səviyyəsində təmsil ediləcək”, - deyə Peskov bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, İstanbul sammitində Rusiyanın Fövqəladə Hallar Nazirinin (FHN) müavininin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.


Tehsil-press.az

Oxşar xəbərlər