
Qanun layihəsinə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək.
Xatırladaq ki, hazırda dövlət uşaq bağçaları (məktəbəqədər təhsil müəssisələri) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindədir.
Bəs hazırda uşaq evlərində və internat məktəblərində təklif edilən yemək rasionları hansı real göstəricilərlə ölçülür və nə qədər effektivdir?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb. Ekspert qeyd edib ki, həm təhsil müəssisələrində, o cümlədən müvafiq sosial sahələrdə - yaşlıların sığınacaqlarında, əqli qüsurlu uşaqların olduğu müəssisələrdə qidalanma dövlət tərəfindən təmin olunur: “Buna görə də, əlbəttə, bu sahə ilə bağlı müvafiq normativlər aidiyyəti qurumlar tərəfindən hazırlanır və təqdim olunur.
Uşaq bağçaları, uşaq evləri, məktəbəqədər sanatoriyalar üzrə hər bir uşağa nə qədər çörək, birinci növ, ikinci növ yeməklər, kartof, meyvələr, kərə və bitki yağı, süd, kəsmik, ət, toyuq əti, balıq, pendir və digər qida məhsulları düşdüyü, Nazirlər Kabinetinin qəbul etdiyi həmin qərarda öz əksini tapıb.
İstər körpələr evi, istər məktəbəqədər təhsil müəssisələri olsun, bu kateqoriyalarda uşaqların qidalanması, xüsusən də kalori dəyəri yüksək olan məhsulların verilməsi vacibdir. Ona görə də daha dəqiq qərar qəbul olunması üçün Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə iştirak etməlidir. Müvafiq qurumların rəyi alınmalı, bu rəy əsasında normativlər hazırlanmalıdır".
Ekspert bildirir ki, bu sahədə bağçalar daha strateji istiqamətdir: “Hər bir şəxs üçün nəzərdə tutulan bütün qidalar norma çərçivəsində verilməlidir, normadan aşağı qidalanma yolverilməzdir. Məsələn, bir uşağa ayda cəmi 2 kiloqram ət düşməsi fikrimcə doğru deyil. Bu, ən azı 4-5 kiloqram olmalıdır”.
Təhsil eksperti Elşən Qafarov isə xatırladır ki, 2011-2021-ci illərdə məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun qurulmasında çox ciddi problemlər yaşanıb, qida təminatı məsələsində də kifayət qədər neqativ hallara yol verilib.
“Təəssüf ki, bəzi məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri hələ də 5-10 il öncənin baxışları və fikirləri ilə yaşayır, uşaqlara ayrılan qidanı mənimsəməklə məşğul olurlar. Təhsil idarəetmə orqanları bu məsələ ilə bağlı nə qədər mübarizə aparsalar da, hələ ki, sistemli iş qura bilməyiblər. Xüsusilə də regionlarda qida təminatı ilə bağlı bəzi məktəbəqədər təhsil müəssisələrinin rəhbər və işçilərinin cinayət xarakterli əməllərinə, ərzaqların başqa istiqamətlərə yönəldilməsinə dair faktlara da rast gəlirik” - ekspert bildirib.
E.Qafarovin fikrincə, nəzarət sistemi düzgün qurulmalıdır və uşaqların qida təminatı üçün ayrılmış normativlər olduğu kimi tətbiq edilməlidir.
Tehsil-press.az