Azərbaycan Hökuməti və Dünya Bankı arasında TANAP layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb

Azərbaycan Hökuməti və Dünya Bankı arasında TANAP layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb Azərbaycan Respublikası Hökuməti, "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (CQD) və Dünya Bankı arasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən tehsil-press.az-a bildiriblər ki, 400 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Merci Tembon, kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Merci Tembon imzalayıb.
Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirib ki, beynəlxalq maliyyə qurumları ard-arda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün dəstək verir və bu, dünya miqyasında Azərbaycana, onun liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi" layihəsinə inam və etibarın bariz nümunəsidir. Nazir xatırladıb ki, Dünya Bankından başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də müvafiq maliyyə dəstəkləri təsdiqlənib: "Prezident İlham Əliyev layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulayıb. Bu layihənin reallaşdırılmasında aparıcı qüvvə məhz Azərbaycan Respublikasıdır".
Nazir "Cənub Qaz Dəhlizi" layihəsinin iqtisadi və kommersiya cəhətdən də çox səmərəli olduğunu qeyd edərək bu istiqamətdə bir sıra investorlarla da iş aparıldığını xatırladıb. Bildirib ki, Dünya Bankından və digər mənbələrdən cəlb olunan kreditlər gələcəkdə bu layihədən əldə ediləcək gəlirlər hesabına "Cənub Qaz Dəhlizi" şirkəti tərəfindən ödəniləcək. Buna baxmayaraq, layihənin tezliklə icra olunmasını nəzərə alaraq hökumət tərəfindən kredit sazişinə zəmanət verilir.
Dünya Bankının regional direktoru Merci Tembon isə Dünya Bankı və Azərbaycanın heyətlərinin aylar ərzində apardıqları gərgin işinin nəticəsi olaraq TANAP üzrə hüquqi sazişlərin imzalanmasından məmnunluqlarını ifadə edib: "Biz əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabətqabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək".
Xanım M.Tembon bu əməkdaşlığın onlarda böyük ruh yüksəkliyi yaratdığını qeyd edərək, etibarlı tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.
"Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək "Cənubi Qafqaz Qaz" boru kəməri və yeni tikiləcək TANAP və Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihədə iştirak edən bütün ölkələr üçün "Cənub Qaz Dəhlizi"nin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı bu layihəni dəstəkləyir.
Qeyd etmək lazımdır ki, "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Respublikası Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Tehsil-press.az

Oxşar xəbərlər