
Bu fikirləri Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış jurnalist Turan Ədalətqızı öz açıqlamasında səsləndirib:
“Təəssüf ki, bu gün Azərbaycanda rusdilli təhsil uğrunda sanki yarış başlayıb. Bəziləri rus dilinin əhəmiyyətini durmadan təbliğ edir, bir çoxları isə bu dili bilən övladları ilə qürur duyur. Hətta öz ad-soyadını düzgün yaza bilməyən, rus dili ilə heç bir əlaqəsi olmayan rayon sakinləri də uşaqlarını rus bölməsinə yönləndirirlər. Halbuki, həmin uşaq öz ana dilində belə doğru-düzgün danışa bilmir, dili topuq vurur. İki il sonra isə valideyn çıxıb deyir ki, uşaq çətinlik çəkdi, çıxartdım. Bu, açıq-aşkar məsuliyyətsizlik və cahillikdir. Bəziləri övladlarının rus dilli uşaqlarla eyni həyətdə oynayıb onları başa düşmədiyini əsas gətirərək, məktəb seçimində rus bölməsini üstün tuturlar. Belə bəsit və əsassız arqumentləri anlamaq mümkün deyil”.
Jurnalistin sözlərinə görə, “rus dilini bilməyənləri işə götürmürlər” deyənləri müəyyən qədər anlamaq olar. Çünki ölkədə elan olunan vakansiyaların əksəriyyətində rus dili akademik səviyyədə tələb edilir. Amma bu, xarici şirkət deyilsə, belə bir tələbin irəli sürülməsi nə dərəcədə doğrudur?
“Axı, nəyə görə müstəqil bir ölkədə öz ana dilimizin olduğu bir dövlətdə, dövlət büdcəsi hesabına onlarla rusdilli məktəb və bölmə fəaliyyət göstərməlidir? Axı, bu, Azərbaycan dilində təhsilin inkişafına zərbə vurur. İnternet resurslarında belə, Azərbaycan dilində dolğun və keyfiyyətli axtarış aparmaq çox zaman mümkün olmur. Unutmayaq ki, biz köksüz, dilsiz, tarixsiz bir xalq deyilik ki, rus dilini ikinci dövlət dili səviyyəsinə qaldıraq. Təəssüf ki, ölkədə bu dil bir dəb halını alıb və elə bil ki, yaxın zamanda rəsmi imtina edilməz status qazanacaq. Hətta məktəblərdə əlavə rus bölmələrinin açılması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsini daim təzyiq altında saxlayan valideynlər var. Bu isə sözün əsl mənasında biabırçılıqdır. Nəticədə ölkədə faktiki olaraq bölünmə yaranıb: bir tərəfdə özünü “elit” sayan rusdillilər, digər yanda isə rus dilini bilmədiyi üçün kompleksə düşən anadillilər dayanıb.
Bu cür hallara və tələblərə qarşı milli dilimizin təbliğatı genişləndirilməli, təsir imkanları gücləndirilməlidir. Unutmamalıyıq ki, Azərbaycan türkcəsi türk dilinin ən gənc və şirin qoludur. Laylalarımızın ruhu, nənələrimizin səsi, keçmişimizin gələcəyi, bünövrəmizin sütunudur. Biz bu dili qeyd-şərtsiz və düşünmədən sevməliyik”.
Turan Ədalətqızı vurğulayır ki, rus dili zəngin və bəzi sahələrdə faydalı ola bilər.
“Dil bilmək üstünlükdür, bunu inkar etmirik. Amma bu dili öyrənmək üçün kifayət qədər kurslar mövcuddur və xalqımız onu istəsə, asanlıqla mənimsəyə bilər. Tədrisə gəldikdə isə, bu məqsədlə qanunvericiliyin çərçivəsində məhdud sayda özəl məktəblərin fəaliyyət göstərməsi kifayətdir. Ümid edək ki, Azərbaycanda getdikcə dərinləşən “rus dili” və “rus dilində tədris” problemi planlı şəkildə həll ediləcək və mövcud xaos aradan qalxacaq”.
Tehsil-press.az