
Amma bu dayanacaqların əksəriyyəti öz funksiyasını yerinə yetirə bilmir. Elə onlardan biri də Qara Qarayev metrostansiyasının çıxışında yerləşən müasir tipli dayanacaqdır. İlk baxışdan elə bilirsən ki, dayanacaq bağlıdır. Çünki qızmar havada avtobus gözləyənlərin hamısı çöldə dayanır. Yaxınlaşıb vəziyyəti öyrəndikdə isə məlum oldu ki, dayanacağın içi çöldən də istidir. Yolunu gündəlik buradan salan Bakı sakinləri deyirlər ki, dayanacaqda quraşdırılan kondisioner uzun müddətdir ki, işləmir.
“Avtobusda kondisionerin işləməməsi bir dərd, heç olmasa pəncərəni açırıq. Dayanacaqda isə nə açılası pəncərə var, nə də qapı. Hər tərəfi şüşə və dəmirdir, günəş vurub qızdırır, çəri girəndə elə bil hamama girirsən, nəfəsin tutulur. Günün altında dayanmaq bura girməkdən yaxşıdır, heç olmasa az da olsa hava var”, – deyə qızmar günəşin altında avtobus gözləyən sərnişinlərdən biri bildirir.
Doğrudan da dayanacağın içinə daxil olanda havasızlıq, tullantılar və istidən dayanmaq olmur, nəfəs kəsilir. Avtomatik açılıb-bağlanan qapılar işləkdir, yuxarı başdan asılan kondisioner isə sadəcə dekor rolunu oynayır.
Halbuki dövlət büdcəsindən Bakının yaraşığına çevrilmiş bu dayanacaqların quraşdırılması üçün milyonlarla manat vəsait ayrılıb. Elə yaxın zamanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması” tenderinin nəticələrini elan edib. Tenderin qalibi “SMCS” MMC (VÖEN: 1404327661) olub. Tender üzrə ehtimal olunan satınalma məbləği 2 milyon 496 min 863 manat göstərilsə də, qalib şirkətlə bağlanan müqavilənin dəyəri 1 milyon 744 min 986 manat olub.
Hər dəfə dayanacaqlar üçün milyonlarla vəsait ayrılsa da, görünən odur ki, bu sahədə problemlər azalmaqdansa, daha da artır. Məsələ ilə bağlı cavabdeh qurum olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə informasiya sorğusu göndərmişik. Sorğu cavablandırıldıqda təqdim ediləcək.
Tehsil-press.az