Mövzunu aydınlaşdırmaq üçün BP şirkəti ilə əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətindən Ajans.az-a verilən məlumatda qeyd edilib ki, BTC Co. şirkətinə BTC ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olmuşdu.
BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirdi.
Bu qiymətləndirmələrin nəticəsi göstərdi ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur.
Əlavə olaraq deyilib ki, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılmışdır.
Nəticədə, bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilmişdir. Dərhal müvafiq tədbirlər görülmüş və həmin çənlər təcrid edilmişdir. BTC Co. şirkəti məsələni tam aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görməyə davam edir.
Hazırda Ceyhan terminalında xam neftin tankerlərə yüklənməsi əməliyyatları və BTC boru kəməri vasitəsilə ixrac əməliyyatları davam edir.
BTC Co. şirkəti həmçinin qəbul olunmuş spesifikasiyaya uyğun olmayan kimi dəyərləndirilmiş çənlərdəki xam neftin idarə olunması üçün SOCAR-la sıx işləyir.
BTC Co. şirkəti hərtərəfli qiymətləndirmə işlərini də davam etdirir və bu işlər çərçivəsində Ceyhan terminalında hər bir yüklənmə əməliyyatından öncə xam neftin keyfiyyəti yoxlanılır.
Tehsil-press.az