
Bu sözləri deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Balakən dağlarında baş tutan antinarkotik əməliyyatına münasibət bildirərkən deyib.
DİN-in yaydığı məlumata görə polis əməkdaşlarının sərhədçilərlə birgə keçirdikləri əməliyyat zamanı dağlarda 3 narkotik plantasiyası salan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Daxili İşlər Nazirilyi mətbuat xidmətindən Musavat.com-a verilən məlumatda deyilir ki, plantasiyaları əvvəllər məhkum olunmuş 54 yaşlı Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami Qarayev salıblar. Ərazidə 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb. Həyata keçirilən digər tədbirlərlə narkotik vasitələrin dövriyyəsini təşkil edən və digər cinayətlər törədən daha 3 nəfər – Oruc Orucov, Elvin Papayev və Nasir Yetimov tutulublar. Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirdikləri əməliyyat nəticəsində isə dağlıq ərazilərdə gizlədilən 2 ədəd “Kalaşnikov” avtomatı və 4 ov tüfəngi də aşkar edilib.
Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Arzu Nağıyev deyib ki, narkotacirlər dağ-meşəlik əraziləri yalnız gizlənmək üçün deyil, cinayətlərini sistemli şəkildə davam etdirmək üçün seçirlər:
“Balakən rayonunda çətin dağlıq ərazilərdə aparılan əməliyyat zamanı narkotik bitkilərin kütləvi şəkildə becərilməsi və silahlı şəxslərin saxlanılması faktı, əslində, uzun müddətdir müşahidə edilən təhlükəli tendensiyanın bir daha sübutudur. Narkotacirlər dağ-meşəlik zonaları bir növ “qanunsuzluq buferi” kimi görürlər. Orada nəzarət zəifdir, müşahidə çətindir və hüquq-mühafizə orqanlarının daimi nəzarəti mümkün olmur. Bu da onlara həm narkotik bitkiləri rahatlıqla becərmək, həm də silah və digər cinayət alətlərini saxlamaq üçün şərait yaradır”.
Arzu Nağıyev əlavə edib ki, cinayətkarlar yalnız narkotiklərlə deyil, paralel olaraq silah dövriyyəsi, mütəşəkkil dəstə formasında fəaliyyət və bəzən hətta sərhəd zonasına yaxınlıqları səbəbindən transmilli cinayət şəbəkələri ilə əlaqədə olmaq riski daşıyırlar:
“Dağlıq və meşəlik zonalarda belə plantasiyaların aşkarlanması onu göstərir ki, bu işlərlə məşğul olan şəxslər bəzən tək olmur. Onlar ya ailəvi qruplar, ya da dost-tanış çevrəsi vasitəsilə cinayəti sistemli şəkildə davam etdirirlər. Burada əsas motiv qazancdır, amma bu qazanc üçün istifadə olunan üsulların çox zaman daha ağır nəticələr doğurması ehtimalı yüksəkdir”.
Arzu Nağıyev onu da vurğulayır ki, belə əməliyyatlar təsadüfən həyata keçirilmir və ardıcıl operativ əməliyyat, texniki müşahidə və yerli məlumatların toplanması ilə mümkündür:
“Əməliyyatda həm DİN-in, həm də sərhəd xidmətinin iştirakı isə bu məsələnin sadə bir narkotik əməliyyatı deyil, daha geniş təhlükəsizlik kontekstində qiymətləndirildiyini göstərir. Bu əməliyyatlar həm narkotik dövriyyəsinin qarşısını almaq, həm də həmin ərazilərdə potensial təhlükə törədən silahlı qrupların fəaliyyətini neytrallaşdırmaq məqsədi daşıyır. Unutmaq olmaz ki, meşədə narkotik əkənlər sabah başqa daha təhlükəli məqsədlərlə də istifadə oluna bilər”.
Arzu Nağıyev deyir ki, hüquq-mühafizə orqanlarının son illərdə texniki imkanlarının əhəmiyyətli dərəcədə artması, bu cür çətin relyefli və əlçatmaz bölgələrdə belə narkotik plantasiyalarını vaxtında müəyyən etməyə imkan verir. Onun sözlərinə görə, müasir izləmə və kəşfiyyat texnologiyalarının tətbiqi narkotacirlərin gizlində plantasiya salmaq kimi xülyalarını tamamilə puç edib:
“İndi polis artıq sadəcə insan resurslarına deyil, eyni zamanda texnologiyaya söykənir. Xüsusi dronlar, termal və infraqırmızı görüntüləmə cihazları, peyk görüntüləri və coğrafi məlumat sistemləri (GIS) vasitəsilə narkotik plantasiyalarını meşələrin və dağların içində belə gizlətmək mümkün deyil. Balakəndə keçirilən son əməliyyat da texniki imkanların operativ istifadəsi sayəsində uğurla baş tutub”.
Arzu Nağıyev qeyd edir ki, texnologiyanın tətbiqi təkcə narkotik bitkilərin aşkarlanması ilə məhdudlaşmır. Həmçinin, dağlıq zonalarda gizlədilən silah-sursat, qanunsuz düşərgələr və digər cinayətkar obyektlər də yüksək dəqiqliklə müəyyən oluna bilir:
“Hüquq-mühafizə orqanları artıq çətinliklərlə üz-üzə qalmır. Əksinə, dronlarla aparılan müşahidə, real vaxtda görüntülərin mərkəzə ötürülməsi və onların süni intellekt alqoritmləri ilə analiz olunması sayəsində istənilən qanunsuz fəaliyyət daha başlanğıc mərhələdə ikən ifşa olunur. Yəni, çətənə kolları əkilən kimi onların yeri qeydə alınır və dərhal tədbir görülür”.
Arzu Nağıyev bildirir ki, bu cür texnoloji üstünlüklər təkcə hüquqi mexanizm deyil, həm də dövlətin iradəsini və gücünü ortaya qoyur. Onun sözlərinə görə, cinayətkar qrupların istənilən formada gizlənmək və fəaliyyətlərini “təhlükəsiz zona”da davam etdirmək cəhdləri artıq iflasa uğrayır:
“Bugünkü texnologiya şəraitində meşənin içində narkotik bitkisi becərmək o qədər də gizli əməliyyat deyil. Əgər dövlət istəsə və görürük ki, artıq istəyir, həmin ərazilərdəki bütün fəaliyyət növlərini izləyə və zərərsizləşdirə bilir. Meşədə neçə dovşan, neçə ayı olduğu da lazım gələrsə, aydınlaşdırmaq mümkündür. Yəni, bu gün heç kim dağlarda gizlənərək cinayət törədə bilməz”.
Arzu Nağıyev bu əməliyyatı narkotiklə mübarizənin yalnız bir mərhələsi kimi dəyərləndirir və əlavə edir ki, bu cür tədbirlər gələcəkdə daha da intensivləşdirilməlidir:
“Bu əməliyyatın arxasında yüzlərlə saatlıq texniki müşahidə, analiz və planlaşdırma dayanır. Bu, onu göstərir ki, hüquq-mühafizə orqanları bu sahədə yalnız reaksiya vermir, həm də qabaqlayıcı tədbirlər görür. Əsas məqsəd bu əraziləri cinayət yuvasına çevirmək istəyənlərə açıq mesaj göndərməkdir ki, artıq bu mümkün deyil”.
Tehsil-press.az