Azərbaycana dost olmayan ölkələrin siyahısı

Azərbaycana dost olmayan ölkələrin siyahısı Fransa, Rusiya, İran, Niderland, Belçika, Hindistan və daha hansılar...

Ukrayna müharibəsinin davam etdiyi 3 ildə ABŞ və Rusiya rəsmi şəkildə dost olmayan dövlətləri siyahılaşdırmağa qərar verdi. Məsələn, ABŞ-ın siyahısında Rusiya, İran, Yəmən kimi dövlətlər varsa, Rusiyanın siyahısında ABŞ-la yanaşı əksər Avropa, Baltikyanı və Skandinaviya ölkələrin adına rast gəlmək olar.

Azərbaycan supergüc olmasa da, bu cür siyahıya zərurət hiss olunur. Prezident İlham Əliyev də 44 günlük müharibədə anti-Azərbaycan mövqeli ölkələr olduğunu deyib.

Şübhəsiz ki, bu siyahını həm yuxarıdan, həm də aşağıdan tutsaq, Fransa başda olacaq. Yəni açıq şəkildə Ermənistanı dəstəkləyən yeganə ölkədir. Avropada da bu sayaq anti-Azərbaycan mövqeli, amma cırtdan dövlətlər var ki, parlamentləri zaman-zaman ermənipərəst qətnamələrlə özlərini yada salırlar. Türkiyə və Gürcüstan istisna, qonşularımız da “bel bağlamalı dostlar” deyillər, bununla belə, tərəfdaşlığımız, əməkdaşlığımız davam etməlidir. Hər halda, Azərbaycan indiki geosiyasi şəraitdə rəsmi şəkildə dost olan və olmayanların siyahısını açıqlamaqla üzərimizə gələn təzyiqlər fonunda prosesləri mürəkkəbləşdirə bilər. Lakin yazarlar, deputatlar, politoloqlar öz fikirlərini deməlidirlər. Biz necə deməyək ki, Niderland, Danimarka kimi ölkələr, hətta cırtdan Lüksemburq da bizə dost ölkə olmadığını çıxardıqları qətnamələrlə sübut ediblər. Biz necə deməyək ki, dünənədək Suriya da ermənipərəst mövqe sərgiləyirdi, amma indi Azərbaycan bu dövlətə qaz verir. Bəs siyasət adamları nə düşünür, əgər belə bir siyahı rəsmiləşdirsək, bizə dost olmayan ölkələrin siyahısını necə təsəvvür etmək olar?

Siyasi təhlilçi Sona Əliyeva 5 il öncə Azərbaycanın dostlarının məlum olduğunu diqqətə çatdırdı: “2020-ci ilin payızında gerçəkləşən 6 həftəlik Vətən müharibəsindən sonra Azərbaycana dost olan və olmayan ölkələrin siyahısı demək olar ki, bəlli oldu. Türkiyə, Pakistan, İsrail, Britaniya və Türküstan regionu ölkələri Azərbaycana dəstək verdilər. Fransa, Rusiya, Serbiya (Ermənistana silah satırdı), Niderland, Belçika və Lüksemburq kimi ölkələr Ermənistanın yanında dayandılar. Üstəlik, Argentina, Çili, Nauru kimi bu regiona yaxın olmayan dövlətlər də Ermənistanı dəstəklədilər. Azərbaycana qarşı əks qütbdə mövqe sərgilədilər. Sonradan Serbiya öz səhvini anladı və qaz almaq üçün Azərbaycanın ayaqlarına qapandı. İran da Ermənistanı özünə "doğma bacı" elan edərək bizə qarşı kəskin mövqedə dayandı. Belarus isə Rusiyanın ən yaxın müttəfiqi olmasına baxmayaraq, müharibə dövrü və ondan sonrakı mərhələlərdə bizə qarşı əks mövqedə olmadı. Minsk öz siyasi imkanları daxilində Bakıya dəstək durmağa çalışdı. Bunun da səbəbi var idi. Rusiya Belarusu qazla imtahana çəkərkən Azərbaycan Belarusa dəstək göstərdi. Ukrayna isə zaman-zaman Azərbaycana qarşı ikili standartlardan çıxış edir. Gah bizim yanımızda olduğunu göstərməyə çalışır, gah da Ermənistanı öyür. Zelenskinin Ukraynası son beş ildə “nə ət, nə balıq” düsturu ilə siyasət yürütməkdədir. Çin də son illərdə Azərbaycanın ən strateji tərəfdaşlarından sayılır. Bir sıra böyük layihələrdə Pekin Bakı ilə sıx əməkdaşlıq içərisindədir. Görünən odur ki, Bakının balanslı və uzaqgörən siyasəti özünə sağlam tərəfdaşlar seçməkdə çox böyük kömək olur. Çürümüş dostluqlar isə zamanın siyasət maşınında ələnir və yerini daha sağlam dostluqlara həvalə edir".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, Azərbaycanın bu gün dünyada söz sahibinə çevrilməsində dostlarının da rolu danılmazdır: “Rusiya və ABŞ-ın dost və qeyri-dost ölkələr elan etdikləri siyahı şərti xarakter daşıyır və dəyişkəndir. Bəzən burada obyektivlik, cəmiyyətin rəyi nəzərə alınmır. Digər tərəfdən, dövlətlərin mövqeyi ilə xalqın mövqeyi üst-üstə düşməyə də bilər. Bir vaxtlar Moskvanın qeyri-dost siyahısında olan dövlətlər bu kateqoriyada deyildi. Ukraynaya təcavüzündən sonra bu təcavüzə qarşı çıxanları Moskva dost olmayan ölkələr siyahısına saldı. Rusiya dost anlayışını sözə baxan, təsirindən çıxmayan və ona bağlı olma anlayışları ilə eyniləşdirir. Birləşmiş Ştatlar seçimini edəndə də əsas milli maraqlar prizmasından yanaşır. Məncə, bu daha real yanaşmadır. Çünki hər bir dövlət ilk növbədə öz milli maraqlarını həyata keçirməyə və təhlükəsizliyini təmin etməyə məsuldur. Təbii ki, bu prizmadan yanaşıldıqda Azərbaycan da dost və dost olmayan dövlətləri müəyyənləşdirib ona uyğun davranmalıdır. Azərbaycan nə qədər dost əlini uzatsa da, normal münasibət qurmağa cəhd göstərsə də, Tehran rejimi ilə dost olmaq, göründüyü kimi, mümkün olmur. Bu rejimin düşmənçilik və xislətini dəyişmək çətin ki, alınsın. Yaxud Rusiya həmişə təkcə Azərbaycana deyil, keçmiş SSRİ məkanına öz müstəmləkəsi kimi yanaşır. Ermənistan Türkün əzəli düşmənidir. Bu, ümumilikdə cəmiyyətə də aiddir. Patoloji nifrət və xəstə cəmiyyət heç vaxt Azərbaycanla münasibətin normal qurulmasına imkan verməz. Əlbəttə, hər bir dövlətin dostu və dost olmayanları var. Əgər biz bunu sıralasaq, dost siyahısına Türkiyə, Pakistan, KKTC,Türk dövlətlərini, Birləşmiş Krallığı, Gürcüstanı, İtaliyanı və s. yazardım. Çinlə son dövrlər inkişaf edən əlaqələri nəzərə alsaq siyahını genişləndirə bilərik. Bakı, məncə, bütün platformalarda bu dövlətlərə güvənə bilər. Dost olmayanlara gəlincə, bütün rəy sorğularında ilk sıralarda Fransa, Ermənistan, Rusiya, İran, Niderland, Belçika, Hindistan olduğu qənaətindəyəm. Bu dövlətlər təkcə Azərbaycanın milli maraqlarına və təhlükəsizlik məsələlərinə toxunan siyasət sərgiləmirlər, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlik göstərirlər. "Dost çətin gündə tanınar" atalar deyimi təsadüfən yaranmayıb. 44 günlük Vətən müharibəsi bir çox dövlətlərin əsl simasını yırtdı. Azərbaycanla heç də dost olmadıqlarını çılpaqlığı ilə büruzə verdi. Həmçinin dostlar da bu sınaqdan alnıaçıq çıxdılar. İsrailin simasında cəmiyyət dostluğun, dost münasibətin nə qədər önəmli olduğunu bir daha ortaya qoydu. Bu gün Azərbaycanın dünyada söz sahiblərindən və güc mərkəzlərindən birinə çevrilməsində dostlarının da rolu danılmazdır. Döclətimizin güclü olması onun dostlarının da gücünə güc qatır".

Tehsil-press.az

Oxşar xəbərlər