
Onun sözlərinə görə, pandemiyadan sonra şirkət bir neçə dəfə ölkə bazarına girməyə çalışsa da, bu səylər indiyədək nəticəsiz qalıb.
“Pandemiyadan sonra EPAM Azərbaycana daxil olmaq üçün bir neçə dəfə cəhdlər edib. Dövlət rəsmiləri ilə görüşlər keçirilib, müxtəlif danışıqlar aparılıb. Lakin bu cəhdlərin heç biri uğurla nəticələnməyib. Görünür, şirkət təklif olunan şərtlər daxilində Azərbaycanda nümayəndəlik açmağı məqsədəuyğun hesab etməyib”, - deyə Osman Gündüz bildirib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) açıqlama verib ki, EPAM yenidən Azərbaycana gəlmək niyyətindədir. Məlumata görə, qlobal miqyasda fəaliyyət göstərən və dünyanın onlarla ölkəsində ofisləri olan EPAM bu dəfə ölkəmizdə daha çox lokal rəqəmsal layihələrə fokuslanmağı planlaşdırır.
Xatırladaq ki, Azərbaycan bazarına daxil ola bilməyən EPAM son illərdə Ermənistan və Özbəkistanda nümayəndəliklərini sürətlə açıb. Hazırda bu ölkələrdə şirkətin minlərlə proqramçısı, analitiki və digər İT mütəxəssisləri çalışır.
Osman Gündüz hesab edir ki, budəfəki təşəbbüsün uğurla nəticələnməsi ölkənin rəqəmsal ekosistemi üçün mühüm imkanlar yarada bilər:
“EPAM-ın Azərbaycanda nümayəndəlik açması yüksək ixtisaslı İT iş yerlərinin yaradılması, beynəlxalq təcrübənin və qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Bu addım həmçinin Azərbaycan İT sektorunun qlobal bazarlara inteqrasiyasını gücləndirə, rəqəmsal transformasiya prosesini sürətləndirə və startap ekosisteminin inkişafına əlavə stimul verə bilər”.
Ekspertin fikrincə, bu prosesin uğuru həm dövlət, həm də özəl sektorun koordinasiyalı əməkdaşlığından asılı olacaq. Əgər tərəflər ortaq platformada razılığa gələ bilsələr, EPAM-ın ölkədə uzunmüddətli və dayanıqlı fəaliyyət göstərməsi mümkün olacaq.
Tehsil-press.az