
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, iqtisadiyyatın rəqəmsallaşmasının uğuru hakimiyyət orqanlarının, biznesin, elm, təhsil və ekspert cəmiyyətinin əlaqəli fəaliyyətini tələb edir. Rəqəmsal transformasiya ilə bağlı həyata keçirilən tədbirlərin nəticələrinin və səmərəliliyinin qiymətləndirilməsi üçün belə bir sistemin yaradılması vacibdir, təhsilin bütün səviyyələrində (məktəb, orta texniki, ali, yenidən hazırlıq və ixtisasın artırılması) rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı tələb olunur. Bu sahədə tələb olunan mütəxəssis qıtlığını nəzərə alaraq ölkədə mövcud peşəkar mütəxəssislərin iştirakı ilə şəbəkə təhsil müəssisəsi kimi fəaliyyət göstərən təhsil sisteminin yaradılması müzakirə olunmalıdır. Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığında ciddi və sürətli irəliləyişə nail olmaq üçün “Cisco”, “Microsoft” kimi nüfuzlu şirkətlərin müvafiq sertifikatlarını alan şəxslərin xərclərinin kompensasiyası məsələsi gündəmə gətirilməlidir.
“İqtisadiyyatın rəqəmsallaşması statistik göstəricilərə tələbi dəyişməklə yanaşı, rəqəmsal texnologiyaların tətbiqi nəticəsində statistik göstəricilərin keyfiyyətinin artırılması üçün yeni imkanlar yaradır. Beynəlxalq standartların hələ də formalaşmadığı bir zamanda rəqəmsal iqtisadiyyatla bağlı proseslərin statistik ölçülməsi mexanizminin yaradılması gündəlikdə duran məsələdir. Xarici təcrübə göstərir ki, Azərbaycanda mövcud iqtisadiyyatın rəqəmsal transformasiyası və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasını bir-birindən fərqləndirməklə bir çox ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də “Rəqəmsal Azərbaycan” Dövlət Proqramı hazırlanmalıdır”, - deyə Ədalət Muradov vurğulayıb.
Tehsil-press.az