Təhsil sistemində pedaqoqların yerini iqtisadçılar və hüquqşünaslar tutub

Təhsil sistemində pedaqoqların yerini iqtisadçılar və hüquqşünaslar tutub Hər il 700 bal toplayan abituriyentlərin sayı artmaq əvəzinə ya azalır, ya da stabil olaraq qalır. Məsələn, bu il IV ixtisas qrupu üzrə cəmi 2 nəfər 700 bal toplamağa nail olub. Bu isə haqlı olaraq belə bir sual doğurur ki, 700 bal toplamağa nə mane olur?

Mövzu ilə bağlı təhsil eksperti Şahlar Əsgərov danışıb.

O qeyd edib ki, təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb:

"Təhsil sistemində qərar verənlər arasında pedaqoqlar deyil, daha çox iqtisadçılar və hüquqşünaslar üstünlük təşkil edir. Mən bu vəziyyəti belə izah edirəm: necə ki, xəstəxanada həkimlər yox, iqtisadçılar söz sahibi olarsa, orada vəziyyət ağırlaşar, eyni durum təhsil sahəsində də müşahidə olunur. Bu da ona görə baş verir ki, pedaqoqlar təbiətən ictimai mənafe daşıyıcılarıdır, iqtisadçılar və hüquqşünaslar isə şəxsi; burdan da çox qüsurlar törəyir".

Hər doğulan uşaq dahidir və təhsil sistemi bu uşağın daxili potensialını üzə çıxarmağı bacarmalıdır

"Digər bir vacib məqam isə milli təhsilin nə fəlsəfəsinin, nə də paradiqmasının olmasıdır. Mən sual edirəm: məktəbəqədər, məktəb və ali təhsil pillələrində sabit qalan fəaliyyət prinsipi hansıdır? Bundan əlavə, təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb və bu prosesdə ağsaqqal, təcrübəli müəllimlər imkan düşdükcə hörmətsizləşdirilir.

XXI əsr artıq süni intellekt dövrüdür və belə bir zamanda təhsilə köhnə baxışla yanaşmaq olmaz. Təhsil sistemi gəncin ali məktəb oxuyub, sonra iş axtarıb, sonra da dünyasını dəyişməsi üçün bir yol olmamalıdır. Mən inanıram ki, hər doğulan uşaq dahidir və təhsil sistemi bu uşağın daxili potensialını üzə çıxarmağı bacarmalıdır".

Təhsilin onurğa stunu ciddi zədələnibdir. Tez müalicə etmək lazımdır

"Mənə görə, təhsil və mədəniyyət nazirlikləri mütləq kollegial şəkildə idarə olunmalıdır. Çünki bu sahələr çox mürəkkəb sistemlərdir".

Tehsil-press.az

Oxşar xəbərlər