BDU-da BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2025”in açılış mərasimi keçirilib

BDU-da BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2025”in açılış mərasimi keçirilib Bakı Dövlət Universitetində (BDU) “EkoSfera” Ekoloji-Sosial Mərkəzin təşkilatçılığı, BDU və “SEA BREEZE Resort”un birgə tərəfdaşlığı, "CBC – Caspian International Broadcasting Company"nin informasiya dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan - 2025”in açılış mərasimi keçirilib.

İlk gününə BDU-nun ev sahibliyi etdiyi konfrans 150-dən çox gənc iqlim liderini, dövlət qurumlarının nümayəndələrini, beynəlxalq təşkilatları və ölkənin aparıcı ekspertlərini bir araya gətirir.

“LCOY Azerbaijan 2025”in açılış mərasimində çıxış edən “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə iqlim dəyişikliyi ilə mübarizədə gənclərin əsas söz sahibi olduğunu deyib, tədbirin işinə uğurlar arzulayıb.

BDU-nun rektoru Elçin Babayev belə bir tədbirin ölkəmizdə ilk dəfə keçirilməsindən böyük qürur hissi duyduğunu bildirib. O qeyd edib ki, bu konfrans BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) rəsmi gənclər təşkilatı olan YOUNGO platformasının bir hissəsi kimi həyata keçirilir və qlobal iqlim proseslərində gənclərin səsini gücləndirməyi hədəfləyir. “LCOY” hər il keçirilən COP konfranslarından əvvəl təşkil olunur və bu, qlobal görüşlərə bilavasitə töhfə verir. Növbəti böyük zirvə görüşü – COP30 bu ilin noyabrında Braziliyanın Belém şəhərində baş tutacaq və burada qəbul olunacaq qərarların gələcək onilliklər üçün qlobal iqlim gündəliyini müəyyənləşdirəcəyi gözlənilir.

Rektor Elçin Babayev Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dövlət siyasətinin iqlim dəyişmələri ilə mübarizə və “yaşıl inkişaf” prinsiplərinin tətbiqi üzərində qurulduğunu, bərpa olunan enerji mənbələrinin inkişafının prioritet elan edildiyini vurğulayıb: “Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” kimi müəyyənləşdirilib. Bu siyasət Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə beynəlxalq miqyasda daha da güclənib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsil, elm və mədəniyyət sahələrində dayanıqlı inkişaf təşəbbüslərinə xüsusi dəstək verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə rəhbərlik etdiyi IDEA İctimai Birliyi vasitəsilə uzun illərdir gənclərin ekoloji layihələrə qoşulmasına, təbiətin mühafizəsi və iqlim dəyişmələrinə qarşı mübarizəyə yönəlmiş çoxsaylı proqramların həyata keçirilməsinə öncüllük edir. Bu siyasi iradə və liderlik BDU-nun gənclərlə birgə gördüyü işlər üçün möhkəm əsas yaradır. Bakı Dövlət Universiteti olaraq biz bu missiyanın nə qədər vacib olduğunu çox yaxşı anlayırıq. Universitetimizin elm və təhsil strategiyası yalnız peşəkar kadrların hazırlanmasına deyil, həm də milli və beynəlxalq miqyasda sosial məsuliyyətli, ekoloji düşüncəli və qlobal dəyişikliklərə həssas liderlərin yetişdirilməsinə yönəlib”.

Rektor  Bakı Dövlət Universitetinin son illərdə iqlim mövzusunda tələbələrin bilavasitə iştirakını təmin edən bir sıra təşəbbüsləri uğurla həyata keçirdiyini deyib. BDU-da yaradılan Tələbə Məkanı, Ekoməkan və Ekoenerji Məntəqəsi haqqında məlumat verib: “Əminəm ki, “LCOY Azerbaijan-2025” ölkəmizdə gənclərin yeni bir iqlim hərəkatının başlanğıcı olacaq. Burada formalaşan fikirlər, tövsiyə və qərarlar Braziliyada keçiriləcək COP30-a dəyərli töhfə verəcək. Bu müzakirələr yalnız milli səviyyədə inkişafı təşviq etməyəcək, həm də Azərbaycan gənclərinin səsinin qlobal miqyasda daha güclü şəkildə çatdırılmasına xidmət edəcək”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva isə iqlim dəyişmələrinin dünya üçün böyük risk olmaqla yanaşı, gənclərin innovativ səylərini ortaya qoymaları üçün mühüm fürsət olduğunu vurğulayıb: “Ötən il Azərbaycan üçün iqlim dəyişikliyinə mübarizə sahəsində vacib il oldu. Azərbaycan COP29 kimi beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi. “LCOY Azerbaijan-2025”in də əsas məqsədi COP30-a qədər iqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin səsinin eşidilməsi və təşəbbüslərinin nəzərə alınmasıdır”.

BMT-nin İqlim Dəyişmələri üzrə Yüksək Səviyyəli Çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai iqlim dəyişikliyinin dünyanın bütün ölkələrinə, o cümlədən Azərbaycana təsir etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nümunə olan ölkələrdəndir. Gənclər isə bu prosesin əsas aparıcı qüvvəsidir: "Gənclərin hər mövzuda bacarıqlarını üzə çıxara bilmələri üçün onlara yeni fürsətlər yaratmalı, ideyalarını dəstəkləməliyik”.

“COP29 Azərbaycan”ın İqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərin daha ədalətli, davamlı və yaşıl gələcək qurmaları üçün birləşməli olduqlarını vurğulayıb: "Gənclərimizin bu konfransda irəli sürəcəyi ideyalar COP30-un təşkilində mühüm əhəmiyyət kəsb edəcək”.

Konfransın açılış mərasimindən sonra iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş seminar və panel müzakirələr keçirilib. Müzakirələr zamanı “İqlim Fəaliyyəti 101 – Qlobal Gənclər Hərəkatı”, “Təşəbbüsdən təsirə – gənclər üçün iqlim liderliyi”, “İqlim liderliyi və cəmiyyətin iştirakı: Yerli təşəbbüslərin gücü”, “Rəqəmsal platformalar və sosial media vasitəsilə iqlim məlumatlandırması”, “Universitetlərdə iqlim aktivizmi və tələbə hərəkatları”, “İqlimə uyğun siyasətlərin yerli səviyyədə tətbiqi”, “Təhsil vasitəsilə davranış dəyişmələri: iqlim maarifləndirilməsi”, “Qlobal iqlim hərəkatlarına Azərbaycan gənclərinin töhfəsi”, “Süni intellektlə ətraf mühitin monitorinqi: gənclər üçün imkanlar”, “Dayanıqlı Kənd Təsərrüfatı və İqlimə Dayanıqlı Qida Sistemləri”, “İrimiqyaslı iqtisadi inkişaf layihələri və iqlim dəyişmələri” kimi mövzular müzakirə olunub, gənclərin təklifləri səsləndirilib.

Qeyd edək ki, konfransın ikinci günü sentyabrın 2-də “SEA BREEZE Resort”da keçiriləcək. Tədbirin ikinci günü Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanaməsi qəbul ediləcək və rəsmi bağlanış mərasimi olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər