Texnologiya Universitetinin rəsmiləri Ankarada səmərəli işgüzar görüşlər keçirib

Texnologiya Universitetinin rəsmiləri Ankarada səmərəli işgüzar görüşlər keçirib Azərbaycan Texnologiya Universitetinin (ATU) prorektorları Türkiyədə növbəti işgüzar görüşlər keçirib. Universitetin rektoru professor Akif Süleymanovun tapşırıqlarına uyğun olaraq tədris işləri üzrə prorektor dosent Vüqar İsmayılov və elm və texnika üzrə prorektor dosent Səbuhi Yusifov Ankarada müxtəlif qurumlarla əməkdaşlıq məsələlərini müzakirə edib.
Ankra Böyük Şəhər Bələdiyyəsindəki görüş olduqca səmimi və səmərəli keçib. Bələdiyyənin sədri Melih Gökçeklə görüşdə prorektorlar həm ATU, həm də Azərbaycanda yerli özünüidarəetmənin vəziyyəti haqqında geniş məlumat veriblər. Sonra ATU ilə Ankara Böyük Şəhər Bələdiyyəsi arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Melih Gökçek ATU-nun Ankara ilə bağlı əməkdaşlıq layihələrinə hər cür dəstək verməyə hazır olduqlarını bildirib. Eyni zamanda Ankara Böyük Şəhər Bələdiyyəsinin baş katibi Asim Balcı və İnsan resursları şöbəsinin müdiri Bekir Yağcı ilə görüş də faydalı müzakirə şəraitində keçib. Görüşlərin nəticəsi olaraq qərara alınıb ki, bu yay ATU-nun müvafiq ixtisaslarında təhsil alan 15 tələbəsi Ankara Böyük Şəhər Bələdiyyəsində təcrübə keçsin. Təcrübə proqramı çərçivəsində tələbələrin bələdiyyənin strukturu, fəaliyyəti, səlahiyyətləri və maliyyə mənbələri haqqında praktik məlumatlar alması nəzərdə tutulur. Eyni zamanda qeyd olunub ki, Gəncə şəhərinin Kəpəz və Nizami bələdiyyələrinin üzvləri üçün Ankara Böyük Şəhər Bələdiyyəsində təlim proqrmlarının təşkili mümkündür.
Ankara şəhərində Türkiyə Elmi-Texniki Təhqiqat Şurasında (TUBİTAK) keçirilən görüşdə əvvəlcə bu qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verilib. TUBİTAK sədrinin müavini Orkun Hasekioğlu bildirib ki, ATU-nun təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihə, proqram və tədqiqat işlərində iştirakına hər cür dəstək verməyə hazırdır. Türkiyə Elmi-Texniki Təhqiqat Şurasının Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Zeynep Arzımanla görüşdən sonra isə birgə fəaliyyətin ilkin istiqamətləri müəyyən olunub. Qərara alınıb ki, Türkiyənin İstanbul Texniki Universiteti ilə ATU-nun birgə ekoloji layihələri TUBİTAK-a təqdim edilsin. Eyni zamanda ATU-nun TUBİTAK nəzdindəki elmi-tədqiqat mərkəzləri ilə birgə araşdırmalara başlaması, TUBİTAK-ın magistrant, doktorant və tədqiqatçı alimlər üçün nəzərdə tutulan təqaüd proqramlarından ATU-nun professor-müəllim heyəti üzvlərinin yararlanması, Hacettepe Universiteti və ATU-nun birgə quracağı laboratoriyaya dəstək verilməsi barədə razılıq əldə olunub.
Ankarada Hacettepe Universitetinin Mühəndislik fakültəsində keçirilən görüşdə ATU-nun prorektorları Vüqar İsmayılov və Səbuhi Yusifovla yanaşı Azərbaycan Keyfiyyət Assosiasiyasının (AKA) sədri Samir Novruzov da iştirak edib. Professor Murad Caner ile görüşdə ATU və Hacettepe Universiteti tərəfindən keyfiyyətin idarə olunması mühəndisliyi ixtisasi üzrə ortaq magistr proqramının açılması müzakirə olunub. Qərara alınıb ki, tədris proqramı hazırlanaraq həm Azərbaycan Respublikası Təhsil Nazirliyinə, həm də Türkiyənin Ali Təhsil Şurasına (YÖK) göndərilsin. Eyni zamanda bu proqram üzrə dərs keçəcək müəllimlərin seçimi və xüsusi təlimlərə cəlb olunması, eləcə də Azərbaycan dilində tədris vəsaitlərinin hazırlanması barədə razılıq əldə olunub. Sözügedən proqram üçün tələbə qəbuluna 2017/2018-ci tədris ilindən başlanması və tədris prosesinə AKA mütəxəssislərinin cəlb olunması da razılaşdırılıb.
Türkiyənin Gənclər və İdman Nazirliyi yanında Ali Təhsil Krediti və Yataqxanalar Şurasındakı görüşdə isə ATU tələbələrinin yay aylarında Türkiyədəki tələbə yataqxanalarında qalması müzakirə olunub. Şuranın Yataqxanalar departamentinin rəhbəri Yavuz Güner ilə aparılan söhbət zamanı qərara alınıb ki, ATU-nun tələbələri Türkiyəyə təcrübə, mübadilə və konfranslar üçün gedərkən qurumun tabeliyindəki yataqxanalarda cəmi 8 lirə ödəniş etməklə qala biləcəklər.


Tehsil-press.az

Oxşar xəbərlər