
Bu barədə valideynlər tərəfindən şikayət daxil olub.
Şikayətçi valideynlər digər məktəblərdə olduğu kimi burada da I-V sinif şagirdlərinin səhər saatlarında dərsə başlanmasını istəyirlər. Lakin həmin məktəbdə səhər növbəsində peşə dərsləri keçirilir. Nəticədə ibtidai siniflər günorta saat 14:00-da dərsə gəlir və 18:00-da məktəbdən çıxırlar.
Adlarının açıqlanmasını istəməyən valideynlər bu vəziyyətin uşaqlar üçün olduqca çətin olduğunu bildirirlər:
“Normalda balacalar səhər dərs oxumalıdır. Axşam evə gələndə artıq gec olur, onlar həm ev tapşırıqlarını yerinə yetirə bilmirlər, həm də istirahət vaxtları qalmır. Uşaqlar gec yatır, səhər yorğun oyanırlar. Bu həm sağlamlığa, həm də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.
Narazı tərəflər uşaqların təhlükəsizlik məsələsinin prioritetliyi barədə təhsil müəssisəsi rəhbərliyinə məlumat verildiyini deyirlər:
“Axşam saatlarında uşaqların dərsdə olması təhlükəsizlik baxımından da risklidir. Xüsusən qış aylarında hava tez qaralır, şagirdlərin evə qayıtması əlavə narahatlıq yaradır. Məktəbin rəhbərliyinə dəfələrlə müraciət etmişik, amma nəticə yoxdur”.
Qeyd edək ki, paytaxt məktəblərində şagird sıxlığı əksər ümumi təhsil müəssisələrini iki və üçnövbəli iş rejiminə keçməyə vadar edib. İbtidai siniflərin ikinci növbəyə salınması həm şagirdlərə, həm də valideynlərə ciddi problem yaradır. Valideynlərin çoxu işlədiyindən uşağını ikinci növbə məktəbə aparmaq üçün köməkçi tutmalı olur. Həmçinin, uşağı günortaya qədər evdə nəzarətsiz qoymaq da təhlükəlidir. Ona görə də, səhər işə gedən valideynlər uşağını da özləri ilə bərabər yaxınlarının evinə aparıb qoymalıdır ki, evdə tək qalmasın. Səhər saatlarında yuxudan duran uşaq günorta dərsə gedəndə artıq yorulur. Nəticədə uşaq dərsi yaxşı mənimsəmir. Evə isə axşam qayıtdığından, əlavə məşğələlərə vaxt qalmır.
Ölkəmizdə ikinövbəli məktəblər tarixən də mövcud olub, amma təhsil sistemində ibtidai sinifləri və 10-cu sinifləri ikinci növbəyə yazmırdılar. Səbəb ibtidai siniflərin kiçik olması, son siniflərin isə daha keyfiyyətli təhsil alması üçün şərait yaratmaq idi. İkinci növbədə müəllimlər də, şagirdlər də yorulur.
"Təhsil haqqında" qanuna görə, siniflər 20 nəfərlə komplektləşdirilir. Amma bu gün siniflərdə 35-40 şagird təhsil alır.
2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
Valideynlər məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini tələb edirlər.
Qeyd edək ki, Sfera.az bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsinə sorğu göndərib, cavab olduğu təqdirdə ictimaiyyətlə paylaşılacaq.
Tehsil-press.az