AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov olub. Layihənin ikinci dərsi “İnformasiya agentliklərinin iş prinsipi. Redaksiya işinin təşkili” mövzusunda keçirilib.

Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev görkəmli pedaqoq və jurnalist Nəsir İmanquliyevin irsinin belə davamlı şəkildə öyrənilməsini “keçmişin gələcəyə töhfəsi” adlandırıb: “Müəllimlərimizin yolunu davam etdirmək və bu ənənələri yaşatmaq müəllim və tələbələrin mənəvi borcudur”.

Əməkdar jurnalist Dağbəyi İsmayılov müasir media mühitində informasiya axınının idarə olunması, operativlik və dəqiqlik balansının qorunması, eləcə də redaksiya proseslərinin effektiv qurulması ilə bağlı praktik bilik və təcrübəsini bölüşüb. O, çıxışında informasiya agentliklərinin fəaliyyət mexanizmlərindən danışıb. Qeyd edib ki, informasiya agentliklərinin əsas missiyası cəmiyyətə etibarlı, yoxlanılmış və sürətli informasiya təqdim etməkdir. Redaksiya daxilində düzgün koordinasiya, məsuliyyət bölgüsü və peşəkar etik prinsiplərə sadiqlik keyfiyyətli jurnalistikanın əsas sütunlarını təşkil edir. Xüsusilə rəqəmsal transformasiya dövründə jurnalistlərin çevik düşüncə tərzinə malik olması olduqca vacibdir: “Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr daim öz üzərlərində işləməli, hərtərəfli inkişaf etməlidirlər”.

Dağbəyi İsmayılov dərs müddətində professor Nəsir İmanquliyevlə bağlı xatirələrini də bölüşüb. O, Nəsir İmanquliyevin tələbələrinə yanaşmasından, jurnalistikaya gətirdiyi yeniliklərdən və milli mətbuat tarixindəki müstəsna rolundan bəhs edib. Bildirib ki, professorun formalaşdırdığı prinsiplər müasir media mühitində yol göstəricisi kimi qalır.

Daha sonra Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə bu layihədən 300-dən çox tələbənin faydalanmasının nəzərdə tutulduğunu, yekunda isə layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri - yazı müsabiqəsi” keçiriləcəyini qeyd edib. Tələbələri Nəsir İmanquliyev irsini daha yaxından araşdırmağa və öyrənməyə çağırıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, aprel və may aylarını əhatə etməklə həftədə bir dəfə 90 dəqiqəlik mühazirələr formatında təşkil edilən “Professor Nəsir İmanquliyev dərsləri”nin məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoymuş professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.

Tehsil-press.az

Oxşar xəbərlər