“Bizə dəyməyən qurd...” – Orban və Fiko yırtıcının öz şikarını parçalamasını izləyirlər

“Bizə dəyməyən qurd...” – Orban və Fiko yırtıcının öz şikarını parçalamasını izləyirlər ABŞ-də ayrı-ayrı siyasi xadimlərin, Avropada isə bəzi dövlətlərin rəhbərlərinin Ukrayna məsələsində tutduğu mövqenin məntiqini anlamaq çətindir. Söhbət sağlam məntiqdən gedir.

Əslində isə o şəxslərin də özlərinə görə məntiqləri var, amma həm zərərlidir, həm də qeyri-obyektivdir. Onlar istəyirlər ki, Ukrayna Rusiyaya uduzsun və Avropaya, dünyaya meydan oxuyan Rusiya daha da güclənsin.

Bu, təxminən 1939-cu ildə Hitler Almaniyasının kiçik Avropa dövlətlərini ard-arda zəbt və qəsb etməsinə göz yummaq və haqq qazandırmağa bərabər hərəkətdir.

Tarixçilərin rəyinə görə, o zaman ABŞ və İngiltərə Hitlerə qarşı cəbhə almasaydı, çox çəkmədən bütün Avropa, sonra Avrasiya, ardınca isə bütün dünya Almaniyanın müstəmləkəsi olacaqdı.

Bunu bilə-bilə Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fiko israrlı şəkildə anti-Ukrayna mövqeyində durur, hər fürsətdə ona qarşı çıxır, Rusiyanın hərbi aqressiyasına bəzən birbaşa, bəzən də dolayısı ilə haqq qazandırırlar.

Bu günlərdə Robert Fiko dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 140 milyard avro ayrılmasına qarşı çıxaraq deyib ki, əgər Avropa İttifaqı belə bir addımı təsdiqləsə, bu, Ukraynadakı münaqişəni ən azı iki il uzadacaq. (Orban da dəfələrlə eyni mövqedə olduğunu bəyan edib).

Bu, o deməkdir ki, Fiko Rusiya-Ukrayna müharibəsinin başa çatmasının yolunu Ukraynanın maddi vəsaitsiz, silah-sursatsız qalıaraq Moskvaya təslim olmasında görür.

Əgər müharibəni yekunlaşdırmaq üçün belə olması lazımdırsa, onda ilk gündən Avropa ölkələri də o tərəfdən Ukraynaya hücum edərək müharibəni elə 2022-ci ilin fevralında bitirə bilərdilər.

Yəni bu, “güclü biri ilə dalaşan və yerə yıxılan birinə hərəmiz bir təpik vuraq, dava-dalaş tez bitsin” düşüncəsidir, cəngəllik qanunlarına rəvac verməkdir.

Güclü, aqressiv, haqsız olan birinin qabağından qaçmaq, əksinə, zəifi əzmək işində ona kömək etmək, zəifin yırtıcı tərəfindən parçalanmasını izləmək dünyada yeni bir zorakılıq dalğası qabardar.

Macarıstan və Slovakiya liderlərinin məlum mövqeyi həm də ona görə haqsız-ədalətsizdir ki, sabah özləri də eyni aqressiya ilə üzləşə bilərlər. Bəs o zaman onlar öz xalqları ilə birlikdə əllərini qaldırıb təslim olacaqlar, yoxsa Avropanın qüdrətli dövlətlərindən yardım istəyəcəklər?

Əlbəttə, onlar ikinci variantı seçər, bütün Avropanı xarici intervensiyaya qarşı çıxmağa çağırarlar. Əgər liderlər belə çağırış etməsələr, xalqı təslimçiliyə çağırsalar, qısa müddət ərzində devrilərlər. Heç bir halda xalq ikinci dəfə “rus əsarəti” yaşamaq istəməz.

Ən qəribə olan da budur ki, həm Macarıstan, həm də bir zamanlar Çexiya ilə ittifaqda (Çexoslavakiya) olan Slovakiya paytaxtlarında cövlan edən rus tanklarının tırtılını görüb, “tırtır”ını eşidib, macar və slovak xalqları özlərini sovet əsgərinin silahının nişangahında hiss edib.

Bu, 1956-cı ildə Macarıstanda, ondan 12 il sonra isə Çexoslavakiyada (Praqa və Bratislavada) olub. Xalq və yerli rəhbərliklər Moskvaya etirazlarını bildirərkən, Kreml yerli liderləri qandallayıb, onların postunda kommunistlərdən ibarət oyuncaq hökumətlər bərqərar edib.

Bütün bunlar o qədər də uzaq olmayan keçmişdə olub və o qanlı hadisələrin minlərlə şahidi hələ də sağ-salamatdır.

Viktor Orban özü 35 il qabaq ruslar tərəfindən edam edilmiş lider İmre Nadın yenidən dəfn olunması mərasimində alovlu çıxış edərək “macar xalqına təcavüz etmiş xarici aqressor”u pisləyib. İndi bu adam başqa bir xalqa təcavüz edən xarici aqressorun yanında, təcavüzə məruz qalanın qarşısındadır.

Adları çəkilən avropalı liderlərdən fərqli olaraq Avropanın əksər ölkələrinin rəhbərləri “rus təhlükəsi”nin nə dərəcədə real olduğunu yaxşı anlayırlar. Bunlar əsasən Finlandiya, Polşa, Çexiya, Baltikyanı ölkələrdir. Onların hamısı “rus dəyənəyi”nin ağrı-acısını bel-buxunlarında hiss ediblər və onu unutmurlar.

ABŞ və Avropanın Ukrayna müharibəsi məsələsində prinsipial mövqedə olmasının, Kremlin aqressiyasına qarşı çıxmasının bizə də çox dəxli var.

Dövlət müstəqilliyindən, milli bayraqdan, ölkəmizin ərazi bütövlüyündən danışan şəxslər unutmasınlar: bunlara əsas təhlükə şimaldandır. Həmin şimal ölkəsi, yəni Rusiya Federsiyası Ukraynanın məsələsini 2022-ci ildə həll edə bilsəydi, sonrakı illərdə Rusiyanın “ikibaşlı qartalı” başının birini əvvəlcə Qafqaza, sonra isə Orta Asiyaya döndərəcəkdi.

Bu, 2+2-nin cavabının 4 olması qədər bəsit məsələdir. Bu sadə məsələni Orban və Fiko da anlayır, amma sırf öz korporativ maraqları üzündən “bizə dəyməyən qurd 100 il yaşasın” siyasəti yeridirlər.

Tehsil-press.az

Oxşar xəbərlər