Göyçayda “Nar Festivalı” çərçivəsində “Aqrar Biznes Festivalı” keçirilib

Göyçayda “Nar Festivalı” çərçivəsində “Aqrar Biznes Festivalı” keçirilib Göyçay rayonunda 16-cı “Nar Festivalı” keçirilib. Festivalda ölkənin müxtəlif bölgələrindən gələn qonaqlar, fermerlər və sahibkarlar iştirak edib.

Festivalın keçirilməsində əsas məqsəd regionda formalaşmış narçılıq ənənələrinin yaşadılması və geniş ictimaiyyətə tanıdılması, bu ənənələri turizm və iqtisadi inkişafın mühüm hissəsinə çevirmək, eyni zamanda yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə şərait yaratmaqdan ibarət olub.

Festival boyu nar mövzusuna həsr olunan müxtəlif yarışlar, müsabiqələr keçirilib, xalq sənətkarlığı nümunələri və bölgəyə məxsus mədəniyyət nümunələri nümayiş olunub.

Tədbirdə 65-dən artıq stend fəaliyyət göstərib. Bu stendlərdə istehsal müəssisələrinin nardan hazırlanmış müxtəlif məhsulları, fermerlərin becərdiyi nar sortları, eləcə də nar mövzusunda hazırlanmış dekorativ əl işləri sərgilənib. Ziyarətçilər üçün məhsulların dadım sessiyaları, satış-yarmarka guşələri, ustad dərsləri, rəsm sərgiləri, maraqlı müsabiqələr və folklor qruplarının çıxışları təşkil olunub.

Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət stendlərə baxış keçirib, kitab və sənət sərgiləri, əl işləri və qədim sənət növləri ilə tanış olublar.

Qonaqlar festival süfrəsində yerli məhsullardan hazırlanan nar şirəsi, nar şərabı, nardançalı şirniyyatlar və milli mətbəximizin digər nemətlərinin dadına baxıblar.
Festival çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, elmi-tədqiqat müəssisələrinin iştirakı ilə “Aqrar Biznes Festivalı” keçirilib.

Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində innovasiyaların, müasir texnologiyaların və elmi yeniliklərin təşviq olunması, fermerlərin və sahibkarların biznes əlaqələrinin inkişaf etdirilməsi, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması olub.

Festival çərçivəsində elmi-tədqiqat müəssisələri və müxtəlif kənd təsərrüfatı şirkətləri tərəfindən tətbiq olunan bir sıra yeniliklər nümayiş etdirilib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq, Bitki Mühafizə və Texniki Bitkilər elmi-tədqiqat institutları geniş şəkildə təmsil olunublar. İnstitutlar tərəfindən müxtəlif kənd təsərrüfatı məhsulları, bitki sortları, xəstəlik və zərərvericilərə qarşı müasir mübarizə vasitələri, eləcə də innovativ aqrotexnoloji həllər təqdim edilib. Ziyarətçilərə elmi nailiyyətlər, tətbiq olunan yeni seleksiya üsulları və səmərəli istehsal texnologiyaları barədə ətraflı məlumat verilib.

Festivalda həmçinin kənd təsərrüfatı texnikası, gübrə və pestisid istehsalı ilə məşğul olan şirkətlər geniş şəkildə iştirak ediblər. Onlar ziyarətçilərə müasir aqrotexniki avadanlıqlar, məhsuldarlığın artırılmasına yönəlmiş gübrə növləri, bitki mühafizəsi vasitələri və ekoloji cəhətdən təhlükəsiz pestisidlər təqdim ediblər. Şirkət nümayəndələri fermerlərə yeni texnologiyaların tətbiqi, resurslara qənaət, məhsul keyfiyyətinin və torpaq münbitliyinin artırılması istiqamətində innovativ həllər barədə məlumat veriblər.

İki gün ərzində davam edən festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub və festival atəşfəşanlıqla yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər