Azərbaycan-Türkiyə münasibətlərinə “yumşaq güc” hücumu- informasiya manipulyasiyasının arxasında kimlər var

Azərbaycan-Türkiyə münasibətlərinə “yumşaq güc” hücumu- informasiya manipulyasiyasının arxasında kimlər var Son dövrlərdə Türkiyə mediasında Azərbaycanla bağlı yayılan bəzi mənfi və təhrif edilmiş məlumatlar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Xüsusilə, qardaş ölkələr arasında tarixi, siyasi və strateji əlaqələrin dərinliyi nəzərə alındıqda belə xəbərlərin ortaya çıxması cəmiyyətdə təəccüb və narahatlıq doğurur. Bu, sadəcə “səhv xəbər” və ya “redaksiya qüsuru” ilə izah oluna bilməz, burada daha mürəkkəb və məqsədli informasiya manipulyasiyalarının izləri görünür.

Azərbaycan uzun illərdir informasiya savaşının ortasındadır. Ölkəmiz haqqında saxta xəbərlərin və təhrif edilmiş məlumatların dövri şəkildə yayılması halları müşahidə olunur. Nəticədə biz hər zaman dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa məcbur oluruq. Əvvəllər Azərbaycanla bağlı saxta məlumatlar əsasən İran, Ermənistan və Rusiya mediasında tirajlanırdı. Təəssüf doğuran hal odur ki, son zamanlarda qardaş Türkiyənin bəzi media qurumlarında da ölkəmiz haqqında əsassız iddialar və yalan xəbərlər yayılmaqdadır. Və əgər əvvəllər bu cür materiallar Türkiyədə yalnız ikinci və ya üçüncü dərəcəli saytlar tərəfindən paylaşılırdısa və bu iki ölkə arasında münasibətləri zədələməyə çalışan müəyyən qüvvələrin təxribatı kimi qiymətləndirilirdisə, artıq “Sabah”, “Hürriyet” kimi hakimiyyətə yaxın tanınmış media orqanlarının da bu prosesdə yer aldığı müşahidə olunur. Halbuki Azərbaycan və Türkiyə, digər sahələrdə olduğu kimi, media müstəvisində də uzun illər qardaşlıq və əməkdaşlıq münasibətlərini qoruyublar. Hər iki ölkənin mətbuatı daim bir-birinə dəstək olub və informasiya cəbhəsində birgə mövqe sərgiləyib. Onu da xatırlatmaq lazımdır ki, 2021-ci ildə media sahəsində “Strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılıb. Həmin platformanın əsas məqsədlərindən biri beynəlxalq miqyasda yayılan dezinformasiyalara qarşı birgə mübarizənin təmin edilməsidir.

Qeyd edək ki, Türkiyə hökumətindəki mənbə APA-nın yerli bürosunun əməkdaşı ilə söhbətində bildirmişdi ki, bu məsələ Türkiyənin rəsmi dairələri tərəfindən araşdırılır. “Artıq bununla bağlı araşdırma və təhlillər aparılır. Azərbaycan tərəfi ilə də məsələ üzrə fikir mübadiləsi aparılıb. Bu cür xəbərlərin yayılması Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zərər verə bilməyəcək qədər kiçik nüanslardır”, - mənbə qeyd edib.

Ankara Universitetinin professoru Toğrul İsmayıl hesab edir ki, bu barədə dərindən, informasiya müharibəsi, regional güc balansı və daxili-ideoloji təsir mexanizmləri baxımından çoxlaylı bir analiz aparmaq lazımdır. Musavat.com-a açıqlamasında professor bildirib ki, bu, təsadüfi sayıla bilməz:

“Son zamanlar Türkiyənin bəzi əsas media orqanlarında, o cümlədən “Hürriyet” və “Sabah” qəzetlərində Azərbaycan əleyhinə məzmun daşıyan məlumatların yayılması cəmiyyətdə təəccüb doğurdu. Qardaş ölkə münasibətləri fonunda belə xəbərlərin görünməsi təsadüfi sayıla bilməz. Bu, daha çox regional informasiya savaşının bir hissəsi kimi qiymətləndirilməlidir. Azərbaycan son illərdə regional güc kimi mövqeyini möhkəmləndirib. Qarabağ zəfəri, enerji layihələri və Türk dünyası ilə inteqrasiya proseslərində fəal rolu ölkəni yeni strateji mərkəzə çevirib. Bu vəziyyət bəzi xarici güclər üçün arzuolunan deyil. Məhz buna görə media üzərindən yönəldilən dezinformasiyalar vasitəsilə Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq cəhdləri müşahidə olunur. Bu cür məlumatların arxasında bir neçə dairənin maraqları dayanır. İlk növbədə, Ermənistan və Fransa lobbiləri Cənubi Qafqazda yaranmış yeni güc balansını qəbul etmir. Onlar Azərbaycanı “aqressiv tərəf” kimi təqdim etməklə beynəlxalq aləmdə onun diplomatik imkanlarını məhdudlaşdırmağa çalışırlar. Digər tərəfdən, Rusiya və İran kimi aktorlar da Türkiyə-Azərbaycan tandemi gücləndikcə, bölgədə təsir imkanlarını itirirlər. Bu səbəbdən informasiya manipulyasiyası onların əlində siyasi vasitəyə çevrilir. Türkiyənin bəzi media qurumlarında yayılan bu xəbərlər bəzən daxili redaksiya maraqları və ya xarici təzyiqlərin təsiri altında formalaşa bilər. Məqsəd aydındır: Türkiyə ictimaiyyətində Azərbaycanla bağlı şübhə yaratmaq və “iki qardaş ölkə” konsepsiyasına psixoloji zərbə vurmaq”.

Professor vurğulayıb ki, əslində, bu, klassik “yumşaq güc” hücumudur - yəni birliyi silahla deyil, informasiya ilə sarsıtmaq cəhdidir. “Ancaq Türkiyə və Azərbaycan ictimaiyyətləri bu cür təxribatlara kifayət qədər bələd və ayıqdır. İki ölkə arasındakı tarixi, strateji və mənəvi bağlar qısa müddətli informasiya manipulyasiyalarının öhdəsindən asanlıqla gələ biləcək gücdədir”.

Tehsil-press.az

Oxşar xəbərlər